Home az ru en

Nadir kitablar və əlyazmalar fondu

Böyük kitabxanaçı: Cahan Quliyeva

İş telefonu: +(994) 12 439-06-21


Bakı Dövlət Universitetinin kitabxanasının nadir kitablar və əlyazmaları şöbəsinin əsası 1922-ci ildə qoyulmuşdur. Bunun üçün həmin ildə 7 min manat qızıl pul buraxılmışdır. Bu vəsait hesabına 1924-cü ildə Konstantinopoldan (indiki İstanbul) 2000-dən artıq kitab alındı.
1928-29-cu illərdə universitet kitabxanasına keçmiş Bakı Fransız Cəmiyyətinin 1000 cilddən ibarət kitabxanası daxil oldu. Beləliklə, fondun tərkibinə Avropa dillərində olan kitablar da daxil edildi. Hazırda XVI-XX əsrlərdə Bazel, Nyurenberq və başqa şəhərlərin mətbəələrində çap olunmuş Avropa dillərində 2731 cild kitab var.

Fondda görkəmli Avropa alim və yazıçılarından A. Smit, Nitsşe, Lamartin, Hegel, Rasin və başqalarının hələ sağlıqlarında çap olunmuş əsərləri saxlanılır. Bu şöbədə ingilis, alman, fransız, polyak, ispan, latın və s. dillərdə olan kitablar toplanmışdır.

Bundan əlavə, fondda Şekspir, Drayzer, Hüqo və digər tanınmış Avropa klassiklərinin öz doğma dillərində yazılmış əsərləri qorunub saxlanılır. Fondda Misirin, Romanın tarixi, Şərq filosoflarının fəlsəfəsi geniş yer tutur. Şöbədə Sokratın, Aristotelin şeirləri saxlanılır.

Ən qədim kitablar latın dilində yunan tarixçisi Diodoriya Sitsiliyalının 1559-cu ildə nəşr olunmuş 5-cildlik «Tarixi kitabxana»sı və 1561-ci ildə nəşr olunmuş Sleydaninin «V Karlın Respublikasında dindarlığın vəziyyəti və onun izahı» kitablarıdır.

Fransız dilindəki nəşrlər poliqrafiya cəhətdən ən zərif və qiymətli kitablardır. Onların arasında, Volter ( 1783), Homer (1788), Karamzin «Rusiya imperiyasının tarixi» (1819), «Elm, əxlaq, iqtisadiyyat, siyasət və diplomatiyaya aid ümumi lüğət» (1780) kitabları vardır. Həmin şöbədə 1778-ci ildə latın dilində nəşr olunmuş «Bibliya» saxlanılır.
Rus fondunda XVIII əsrə aid köhnə çap olunmuş kitablar (10 nəşr), XIX əsrin birinci yarısına aid çoxlu qiymətli kitablar, 1917-ci ilədək qeyri-leqal və qadağan olunmuş nəşrlər də vardır. Burada əsasən tarixə, fəlsəfəyə, hüquqa və ədəbiyyatşünaslığa aid kitablar toplanmışdır. Bu fondda ən qədim sayılan nəşrlər bunlardır: «İdiliya və Yepistolun böyük knyaz Pavel Petroviçin 1761-ci il 20 sentyabr ad günü münasibətilə söylənilən nitqi» və II Yekatirinanın sağlığındakı ayrı-ayrı nəşrləridir.
Rus yazıçı və tənqidçilərinin sağlıqlarındakı nəşrləri qiymətli sayılır:
A.S.Puşkin, Ovsyaniko-Kulikovski, N.F.Pavlov, Miller, L.N.Tolstoy, Turgenev, Saltıkov-Şedrin;
Hüquqa aid əsərlər:
N.Taqantsev, A.Qradovski, B.Çiçerin, N.Korkunov;
Tarixə aid əsərlər:
M.Pokrovski, Y.Jukovski, İ.Zabelin, Bernşteyn, Bestujev-Ryumin, D.Petruşevski və b.;
Akademik N.Marrın sağlığında nəşr olunmuş əsərləri və başqa qiymətli və nadir nəşrlər. Bunların içərisində latın dilində 1795 -ci ildə Flaviy İosifin «İudeyanın qədimliyi» və 12 cilddən ibarət (1866-1904) Qafqaz Arxeoloji Komissiyasının aktlarını qeyd etmək lazımdır.
Kitabxanada əsas yeri Yaxın Şərq, Zaqafqaziya respublikaları, Orta Asiya və Cənub-Şərqi Asiya üzrə zəngin fonda malik olan Azərbaycanşünaslıq və Şərq şöbəsi tutur. Bu fondda rus, Azərbaycan, Avropa dillərində ədəbiyyat, həmçinin ərəb əlifbasından istifadə olunaraq ərəb, fars, türk və başqa şərq dillərində ədəbiyyat toplanmışdır.
Kitablardan əlavə, həmin fondda XIII-XVIII əsrə aid 94 kitabda 102 qədim əlyazma saxlanılır.
Ən qədim əlyazması ərəb dilində Şeyx Hadinin «Şəriətin varisliyi üzrə cədvəl» (1308), Əlişir Nəvainin, Xəyyamın, Füzulinin fars və ərəb dilində əlyazmalarıdır.
Şərq fondunun formalaşması zamanı əsas diqqət respublikamızda nəşr olunan kitablara verilirdi.
Fondda ilk dəfə sağlıqlarında nəşr olunmuş Azərbaycanın görkəmli alim və yazıçılarının kitabları toplanmışdır. Onların arasında Mirzə Kazım bəyin «Türk dili» S.-P. (1854) kitabı xüsusi yer tutur.
«M.F.Axundovun komediyaları» Azərbaycan kitabının ilk gözəl abidələrindəndir. Azərbaycan ədəbiyyatının və teatrının təşəkkül tarixində mühüm rol oynamış olan bu kitab böyük yazıçının əsərlərinin öz sağlığında 1853-cü ildə Tiflisdə rus dilində çıxmış ilk nəşridir.
A.Bakıxanovun 1841-ci ildə Tiflisdə çap olunmuş rus dilində izahedici mətnlə birlikdə «Fars dilinin müxtəsər qrammatikası» əsəri indiyədək hifz olunub saxlanmışdır.
N.Nərimanovun, C. Məmmədquluzadənin «Molla Nəsrəddin», Abbas Səhhətin «Şeirlər məcmuə»si və b. əsərlər fondun qiymətli incilərindəndir.
Bu fondu öyrənərkən Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, tarixinin keçmişi haqqında məlumat almaq olar.
Fondda çox geniş bir şəkildə körkəmli alim və yazıçıların ərəb dilində olan əlyazmaları və kitabları öz əksini tapmışdır. Məsələn: Təbəri «Camu-l-baln-fitadxırı-l-Koran (Quranın izahı 1321-ci il), «Abu-l-əla əl-Məəri və Kitabu-l-lyuzimiyyat», I cild; 1884-cü il, II cild; 1895-ci il (elmi-fəlsəfi şeirlər); Vəqadi Seridi Məhəmməd «Kitabi Futuxi və Şam» 2 cilddə (ərəb ölkələrinin islam ordusu ilə fəth olunması); Mətbətul Əbyaul Mürsəlinəi Yesui «Cədvətul Əf-yamun, Ərəbiyyət» ( Beyrut, 1882-ci il) (Ərəb dilinin qaydalarını öyrənən cədvəl); Əhməd İbni Məhəmməd İbni Ərəbşah «Fakihətul xülafə və müfaihətul zürafə» (Kəlilə və Dimnə) (elmi-fəlsəfi, ədəbi hekayələrdən, təmsillərdən ibarət olan kitab).
Türkiyənin tarixinə, iqtisadiyyatına, siyasətinə və mədəniyyətinə aid olan ədəbiyyatın toplandığı bölməyə xüsusi diqqət verilmişdir. Türkiyə haqqında məlumat ədəbiyyatına geniş yer verilmişdir. Bunlar türk ensiklopediyası, texniki ensiklopediya və məlumat kitablarıdır. Burada türk ədəbiyyatının klassikləri mühüm bir yer tutur. Məsələn, Ətaullah İbni Fəzlullah Hüseyn- «Tərcümeni Rozətil Əhbab» (İstambul, hicri tarixi ilə 1109-cu il (1288) (Məhəmməd peyğəmbərin peyda olunmasından sonra köçməyin 40-cı ilinə qədər tarixi hadisələr haqqında kitab); Şəmsəddin Sami «Kamusul-al-yam» (Türk dilinin qrammatikası I-VI cild, 1889-cu il); Kaşkarlı M. «Divani Lüğət-it türk» 3 cilddə, 1939-41-ci il); Jan Deni «Türk dili qrameri» (Türk dilinin qrammatikası). Burada həmçinin görkəmli türk yazıçılarının da əsərləri toplanmışdır. Səbahətdin Ali, Nazim Hikmət, Orxan Kamal, Əziz Nesin və b. Fondun tərkibində fars dilində olan ədəbiyyat geniş yer tutur. Fars ədəbiyyatı içərisində Dehudanın 134 cildlik «Fars dilinin izahlı lüğəti»ni qeyd etmək lazımdır. Respublikamızda bütün bu cildlər yalnız universitet kitabxanasında toplanmışdır. 1826-cı ildə Sankt-Peterburqda nəşr olunan fars dilində olan birinci kitab, «Fars müntəxabatı»; Fars-türk lüğəti (1304-cü il); Burhane Qate; Q.Q.Kaşef «Dəstur-e zəban-e farsi»(Fars dilinin qrammatikası, hicri tarixi ilə 1328-ci il); Morler «Mirzə Hacı – baba İsfahani», Kəlküttə, 1241-ci il, Bombey 1323-cü il (İsfahan dəlləyi Hacı babanın vəzir vəzifəsinə gəlib çatdığı və işləri haqqında hekayət); Abul Kadir Al Bacdadi «Şahnamə», 1895-ci il (Terminoloji lüğət); İbni Bibi «Tarixe als Saldjuk» ( Səlcuq sülaləsinin tarixi); İ.A.Vullere «Fars-latın etimoloji lüğət» və bir çox fars müəlliflərinin əsərləri. Azərbaycanşünaslıq Şərq şöbəsinin kitab fondu 35 000 cilddən barətdir. Bu zəngin ədəbiyyat Şərq tarixini, mədəniyyətini öyrənən elmi işçilər üçün böyük maraq doğurur. Şərq və Nadir fond şöbəsinin əməkdaşları bu zəngin fondu öyrənmək istəyən xüsusi şəxslərə və idarələrə fonddan istifadə etməkdə kömək etməyə həmişə hazırdırlar.

Oxucular kitabxanada nüsxəsi az olan kitablardan qiraət zalında, nadir və qiymətli kitablardan isə kitabxana işçisinin yanında istifadə edə bilərlər.

İRBİS-64 proqramının köməyi ilə nadir kitablar fondunun elektron kataloqu yaradılmışdır.

Bookmark and Share