Home az ru en

23 aprel - Beynəlxalq Kitab və Müəllifik Hüququ Günüdür

23/04/2021

23 aprel tarixi 1995-ci ildən UNESCO-nun çağırışı ilə 100-dən çox ölkədə milyonlarla insanın iştirakı ilə  Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü kimi təntənəli şəkidə qeyd olunur. Simvolik olaraq dünyanın məhşur yazarlarının doğum və vəfat tarixlərini ifadə edən həmin günün kitab bayramı kimi qeyd olunmasının məqsədi dünya miqyasında kitabın, eləcə də mütaliə vərdişlərinin əhəmiyyətini vurğulamaq, insanları kitab oxumağa sövq etməkdir. Eyni zamanda yayım mədəniyyətini, yayım hüququnu, düşüncə və ifadə azadlığını təşviq etmək də bu tarixi günün atributlarından hesab olunur. Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü dünyanın müxtəlif mədəniyyətlərə malik olan xalqları arasında mədəni mübadilənin, o cümlədən qarşılıqlı anlaşma və əməkdaşlığın təmin olunması, tolerantlıq mühitinin formalaşdırlması, eləcə də bütün bunların fonunda dünyada sülhə, əmin-amanlığa xidmət edən sosial bir layihə kimi də mühüm əhəmiyyət daşıyır. Xüsusilə, ənənəvi mütaliə vərdişlərinin azaldığı müasir dövrdə bu günün qeyd edilməsi kitab mədəniyyətinin, oxu vərdişlərinin təbliği baxımından olduqca aktualdır.
İnsan və vətəndaş hüquqlarının ən ali səviyyədə təmin edilməsi sahəsində dünyaya örnək olan Azərbaycanda bu sahə də dövlətin xüsusi diqqət və qaygısı ilə əhatə olunmuşdur. Ulu Öndərimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda düşüncə və ifadə azadlığı dövlət səviyyəsində təmin olunmuş, ölkədə zəngin tolerantlıq mühiti formalaşmışdır. 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv olan Azərbaycan eyni zamanda müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində beynəlxalq konvensiya və müqavilələrə də qoşulmuşdur. Həmçinin ölkəmizdə bu sahənin hüquqi bazası da formalaşdırılmış, məhz Ulu Öndəri Heydər Əliyev tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunları imzalanmışdır. Bu sahədə dövlət siyasətini tənzimləmək məqsədilə yaradılan  Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin də ölkəmizdə müəlliflik hüquqlarının qorunması sahəsində müstəsna xidmətləri vardır. Aparılan ardıcıl və məqəsdyönlü dövlət siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə kitab mədəniyyəti ən yüksək səviyyədə, ən müxtəlif forumlarda, sərgi və yarmarkalarda təbliğ edilir, kitabxana şəbəkələri günü-gündən inkişaf edərək oxuculara innovativ iş üsuluları ilə xidmət göstərir, müasir tipli nəşriyyatlarımız nəfis tərtibatlı və yüksək məzmunlu kitablar çap edərək oxucu tələbatını ödəyirlər.
Ulu Öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev kitabxana-informasiya fəaliyyətinin, nəşriyyat sektorunun inkişafı üçün əməli addımlar atır, bu sahənin tərəqqisinə öz töhfələrini verir. Hörmətli Prezidentimizin 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı Azərbaycanda kitabxana və nəşriyyat işinin inkişafında xüsusi əhəmiyyətə malikdir. Ölkə başçısı tərəfindən 2008-ci ildə imzalanmış “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nı isə bu sahənin inkişafı üçün yol xəritəsi hesab etmək olar. Bu sənədin qayəsini müasir dövrün çağırışlarına cavab verən kitabxana-informasiya şəbəkəsinin yaradılması, informasiya cəmiyyəti quruculuğu şəraitində beynəlxalq standartların tətbiqi, kitabxana informasiya resurslarının dünya
informasiya məkanına inteqrasiyasının təmin edilməsi, elektron informasiya fondlarının formalaşdırılması, virtual kitabxanaların inkişaf etdirilməsi, ölkədə fəaliyyət göstərən kitabxanaların modernləşdirilməsi kimi məsələlər təşkil edir.
Ölkəmizdə kitab mədəniyyətinin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da mühüm xidmətləri qeyd olunmalıdır. Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında məhz Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın nəşr etdirdiyi kitablar mühüm əhəmiyyət kəsb edir. Həmin kitablar xarici ölkələrdə maraqla qarşılanır, Azərbaycan həqiqətlərinin dünyaya çatıdılmasında əvəzsiz rol oynayır. Bu kitablar nüfuzlu beynəlxalq kitab sərgilərində nümayiş etdirilir, eləcə də məşhur kitabxanalara hədiyyə olunur.
Ölkəmizdə kitabxana-informasiya fəaliyyətinin yenidən, dünya standartları səviyyəsində, yeni əsrin çağırışlarına uyğun şəkildə qurulması prosesinə başlanılıb. Möhtərəm Prezidentimizin 15 yanvar 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən Azərbaycanda yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana siseminin yaradılması dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bütün bu tədbirlər, əməli addımlar Azərbaycanda kitabxana-informasiya fəaliyyətinin, nəşriyyat sektorunun inkişafına böyük töhfələr verəcəkdir. Dövlət səviyyəsində kitab mədəniyyətinə, kitabçılıq işinə göstərilən dəstək bu sahənin mütəxəssislərinin qarşısına mühüm tapşırıqlar qoyur. Bu gün müasir standartlar əsasında, yeni əsrin çağırışları səviyyəsinə uyğun şəkildə bu sahədə elmi-tədqiqat işləri aparmaq qarşımızda prioritet vəzifə kimi dayanır.


Ələmdar Cabbarlı,
Bakı Dövlət Universitetinin dosenti

Bookmark and Share