Home az ru en

27 mart - Azərbaycanda Elm Günüdür

27/03/2021

Azərbaycanda bu gün elm və təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi-texniki potensialın inkişafı, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin davamlı inkişafı, iqtisadi, siyasi və hərbi qüdrəti təhsilin keyifiyyəti və səviyyəsi, həmçinin ölkənin elmi potensialı və bu sahələrdəki uğurları ilə bilavasitə bağlıdır.

Öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkəmizin davamlı inkişaf strategiyası, müasir dünyada baş verən qlobal siyasi, iqtisadi, sosial və ekoloji problemlər Azərbaycanın elmi əsaslar üzərində inkişafını zərurətə çevirib. Müstəqilliyimizin bərpasından keçən otuz il ərzində dövlətin diqqət və qayğısı sayəsində ölkəmizdə elm və təhsil sahələri sürətlə inkişaf edib, bu istiqamətdə nailiyyətlər qazanılıb. Elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir. Elm və təhsilin inkişafı, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı bütövlükdə ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. Son illər ərzində ölkəmizdə milli maraqlara və bəşəri dəyərlərə əsaslanan müasir elm və təhsil sistemi formalaşıb. Ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər icra olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq 2018-ci il 9 aprel tarixində 27 mart - Azərbaycan Respublikasında “Elm Günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Hər il bu əlamətdar tarix ilə əlaqədar  ölkəmizin ali təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında müasir elmin aktual problemlərinə həsr olunmuş silsilə tədbirlər - elmi konfranslar, seminarlar, simpoziumlar, mühazirələr, dəyirmi masalar keçirilir. Elmi fəaliyyət üzrə müsabiqələr təşkil olunur. Bu ənənə ölkə alimlərini bir araya gətirməklə əldə olunan elmi nəticələrin müzakirəsinə, fundamental və tətbiqi xarakterli birgə tədqiqatların aparılmasına, əldə edilmiş elmi nailiyyətlərin tanıdılmasına imkan yaradır.

Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən qayğı birbaşa olaraq dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsinə, xalqımızın tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən məqsədyönlü siyasətin tərkib hissəsidir. Elm, təhsil və sənayenin məharətlə əlaqələndirilməsi, müasir texnologiyalar və innovasiyaların tətbiqi yolu ilə inkişaf etdirilməsi hazırda ən aktual və prioritet məsələdir. Bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm və davamlı işlər görülür.

Bookmark and Share