Home az ru en

28 May - Respublika Günüdür

28/05/2021

28 may 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. 28 May tarixi 1990-cı ildən  ölkəmizdə Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başladı. Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərsə də, bütün sahələrdə ciddi dönüş yaratmağa və böyük tədbirlər reallaşdırmağa  müvəffəq oldu. Qısa vaxt ərzində AXC hökuməti cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən əsaslı, vacib qərarlar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərlik yaratdı. Cəmi 23 ay yaşamış Cümhuriyyət xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdi, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı.

Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, 1918-ci il iyunun 27-də "Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında", avqustun 11-də isə "Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında" fərmanlar imzalandı. Dövlətin bayrağı, himni və gerbi təsis edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.

AXC-nin 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində çox mühüm tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açıldı. 1919-cu il sentyabrın 1-də Parlament “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” Qanun  qəbul etdi. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi.

Xalq Cümhuriyyəti dövründə qısa zaman kəsiyində ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edilməsi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələrin yaradılması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi, təhsilin milliləşdirilməsi kimi müstəsna əhəmiyyətli işlər həyata keçirilmişdir. Mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq kimi sahələrdə həyata keçirdiyi işlər Azərbaycan tarixinin parlaq səhifəsidir.

Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun milli atributlarını – bayrağını, gerbini, himnini qəbul etdi. Ümummilli Lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini yüksək qiymətləndirmişdir: «Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır». Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ildə Cümhuriyyətimizin 80 illik yubileyi keçirilmiş və Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə “İstiqlal bəyannaməsi” abidəsi ucaldılmış, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilmişdir.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalanmış və bu tarixi hadisə münasibətilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilmişdir.

Bu gün xalqımız Respublika Gününü bir başqa ovqatda, fərqli hisslərlə - qalib ölkənin vətəndaşları kimi qeyd edir. Vətənimizin igid oğulları, rəşadətli ordumuz  44 günlük Vətən Müharibəsində öz şücaətini bütün dünyaya nümayiş etdirdi. Parlaq  Zəfərə imza atdı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz 30 ilə yaxın düşmən tapdağında qalan əzəli torpaqlarımızı mənfur düşmənin azad etdi. 2020-ci il 27 sentyabr tarixindən başlanan Zəfər yolu xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Şanlı Ordumuzun, Ali Baş Komadanımız İlham Əliyevin azad olunmuş əzəli torpaqlarımızda, müqəddəs Şuşa şəhərində qaldırdığı üçrəngli bayrağımız tarixi torpaqlarımızda qürurla dalğalanır.

28 May - Respublika Günümüz mübarək!

Bookmark and Share