Home az ru en

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib

14/10/2019

Bakı Dövlət Universitetində Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından əklillər qoyulub. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülüb.

Akademik Vasim Məmmədəliyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri BDU-nun binasına gələrək görkəmli alimə və gözəl insana son borclarını veriblər.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, Vasim Məmmədəliyevin həyatının böyük hissəsi BDU ilə bağlı olub. O, burada müxtəlif vəzifələrdə çalışıb. Mən onun həyatı və fəaliyyəti barədə çox danışa bilərəm. Lakin çıxışımı protokoldan uzaq tutaraq, ürək sözlərimizi demək istəyirəm. O, özü ilə əvəzolunmaz, şux aurasını apardı. Vasim Məmmədəliyev heç vaxt özünü düşünməyib. Elmə, insanlara xidmət edib, heç kimin haqqını tapdalamayıb. O, yaşından asılı olmayaraq, hər kəslə öz dilində, məntiqlə əsaslandırılmış şəkildə danışırdı. Ən maraqlısı odur ki, onunla danışmaq ona qulaq asmaq qədər maraqlı idi. Bu, hər kəsə nəsib olmurdu. Öz ixtisasını dərindən mənimsəyib və yeniliklər tətbiq edirdi. O sahədə problemləri bilir və həmkərlarına məlumat verirdi. O, elə bir nadir insanlardan idi ki, paxıllıq nə olduğunu bilmirdi. Hamının rəğbətini çoxdan qazanmışdı. Son günlər isə gözümüzü yolda qoymuşdu. Biz müəllimimiz üçün çox darıxacağıq.

Sonra Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov, Milli Məclisin deputatları, akademiklər Nizami Cəfərov, Gövhər Baxşəliyeva, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA Humanitar elmlər bölməsinin akademik katibi, akademik Teymur Kərimli Vasim Məmmədəliyevin Azərbaycan elminə xidmətlərindən danışıblar.

Sonda mərhumun ailəsi adından Vamiq Məmmədəliyev vida mərasimində çıxış edərək iştirak edənlərə təşəkkür edib.

V.Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. O, 1964-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1964-1967-ci illərdə Azərbaycan Dillər Universitetinin Sami dilləri üzrə əyani aspiranturasına qəbul olub, Tbilisiyə ezam edilərək aspiranturanı dünya şöhrətli şərqşünas alim, akademik G.V.Seretelinin rəhbərliyi altında bitirib. O, 1968-ci ildə “Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlili” mövzusunda namizədlik, 1974-cü ildə isə “Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bu sahədə SSRİ miqyasında ən gənc elmlər doktoru olub.

1978-ci ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib.

Akademik Vasim Məmmədəliyev bütün həyatını xalqımızın mənəviyyatının zənginləşməsinə həsr edib. O, Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin təşəbbüskarlarından olub. Alimin elmi axtarışları ərəb dilçiliyi və ümumi dilçilik sahələrində, islamşünaslıqda, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunub.

Şərqşünas alim ilk dəfə ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq edib, məşhur Bağdad, Əndəlus, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənib. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh edib. V.Məmmədəliyev “Ərəb dilçiliyi” adlı fundamental əsərində ilk dəfə “ərəb dilçiliyinin Azərbaycan məktəbi” ifadəsini işlədib və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübut edib.

Şərqşünas alim İraq Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası Akademiyasının, İslam Əməkdaşlıq Təşkilatının İslam Hüququ Akademiyasının həqiqi üzvü idi.

Onun ərəb dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif problemlərinə həsr edilən, İslam, şəriət, fiqh, musiqi və ədəbiyyata dair yüzlərlə elmi əsəri, o cümlədən bütün dünya şərqşünaslarının istifadə etdikləri 41 kitabı nəşr olunub.

Alim elm və xalq qarşısındakı böyük xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına və Prezident təqaüdünə, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.

Böyük alim V.Məmmədəliyev 1991-ci ildə akademik Ziya Bünyadovla birgə müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə edib.

Onun yüksəkixtisaslı kadrlar hazırlanmasında ciddi xidmətləri olub. Alimin rəhbərliyi altında 40 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanıb.

Şərəfli ömür yaşamış Vasim Məmmədəliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb. 
Allah rəhmət eləsin!

Xəbərlər Azərbaycan Prezidenti və Birinci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb Azərbaycan Prezidenti və Birinci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb 14/10/2019 Ətraflı Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib BDU-da Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib 14/10/2019 Ətraflı Akademik Vasim Məmmədəliyev vəfat edib Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının müdiri Vasim Məmmədəliyev vəfat edib 14/10/2019 Ətraflı ARXIV Bookmark and Share