Home az ru en

Akademik Yusif Məmmədəliyevin anadan olmasının 115-ci ildönümüdür

31/12/2020

Bu gün akademik, Azərbaycanın görkəmli elm xadimi, Bakı Dövlət Universitetinin rektoru Yusif Məmmədəliyevin anadan olmasının 115-ci ildönümüdür.

Məmmədəliyev Yusif Heydər oğlu 1905-ci ildə Naxçıvan MR-nın Ordubad şəhərində anadan olmuşdur. 1926-cı ildə Azərbaycan Ali Pedaqoji institutunu bitirmişdir. 1928-1929-cu illərdə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda və fəhlə fakültəsində müəllim işləmişdir.

1942-ci ildə kimya elmləri doktoru ("Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi" mövzusu) və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki olmuşdur. Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı yaradanlardan biri olmuşdur. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi elm xadiminin adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, Rəyasət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilmişdir. M.Mirqasımov, M.Topçubaşov, S.Vurğun, İ.Şirokoqorov, İ.Yesman, M.Hüseynovla bərabər, o, akademiyanın təsisçisi və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1951-1954-cü illərdə Azerbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, 1954-1958 illərdə Bakı Dövlət Universitetinin rektoru olmuşdur.

Yusif Məmmədəliyevin əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsindədir. Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir.

Aromatik, parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik algilləşdirmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksəkkeyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan vermişdir.

Məmmədəliyev Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görülmüşdür. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olmuşdur. O, SSRİ, ABŞ, İtaliya, Fransa, İngiltərə və başqa ölkələrdə çağırılan qurultay, konqres və simpoziumlarda respublikamızı dəfələrlə təmsil etmişdir.

Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınmışdır. Dünya şöhrətli azərbaycanlı alim Yusif Məmmədəliyevin dünya elminə daha bir misilsiz töhfəsi strateji raketlər üçün 1950-ci ildə yaratdığı duru yanacaq - yüksək oktanlı benzin olmuşdur. Yerin ilk peyki, Qaqarinin uçuşu - bütün bunlar Baki nefti, Azərbaycanın neft kimyası məktəbinin yaradıcıları olan Y.Məmmədəliyevin elmdə qəhrəmanlığı və onun həmfikirlərinin fədakar əməyi sayəsində baş tutmuşdur.

Yusif Məmmədəliyev Lenin ordeni Qırmızı Əmək Bayrağı və Şərəf nişanı ordenləri təltif edilmişdir. 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.

Akademik Yusif Məmmədəliyev 1961-ci ildə Bakıda vəfat etmişdir.

Ali təhsilin flaqmanı sayılan Bakı Dövlət Universitetinin rektoru, nüfuzlu professoru olan Yusif Məmmədəliyevin işıqlı xatirəsi daim ehtiramla anılacaq, əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Bookmark and Share