Home az ru en

Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun kitabı Fransada işıq üzü görüb

30/03/2016

Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru Fazil Zeynalovun “Dağlıq Qarabağ münaqişəsi, ədalətli sülh, yoxsa qaçılmaz müharibə: tarixi, geosiyasi və hüquqi baxış” adlı kitabının ikinci nəşri işıq üzü görüb. Kitab Fransanın məşhur “L’Harmattan” nəşriyyatının diplomatiya və strategiya kolleksiyasında nəşr edilib.
Kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixi real faktlar əsasında araşdırılıb. Müəllif Dağlıq Qarabağın qədim tarixini alban tarixşünaslığı və orta əsr ərəb mənbələri əsasında araşdıraraq, onun Qafqaz Albaniyasının ayrılmaz hissəsi olduğunu diqqətə çatdırır.
Qeyd olunur ki, Dağlıq Qarabağın yerli əhalisini Qafqaz Albanları təşkil edib. Həmin albanlar uzun müddət öz kimliklərini qoruyub saxlayıblar. Dağlıq Qarabağ həmişə Azərbaycan dövlətlərinin tərkibində olub və Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatının ayrılmaz hissəsini təşkil edib. 
1919-cu il avqustun 15-də Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaq şərtlərini qəbul etməsi və 1921-ci il iyulun 5-də Dağlıq Qarabağa Azərbaycan SSR-in tərkibində muxtariyyət statusunun verilməsi kontekstləri geniş şərh olunur.
Kitabda 1991-ci ildən sonra baş verən proseslər siyasi və hüquqi müstəvidə araşdırılıb, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərarası xarakteri, Dağlıq Qarabağ erməni milli azlığının separatçılıq tendensiyalarının təbiəti təhlil edilir. Sülh prosesinə geniş yer verilərək tərəflərin kompromisi əsasında münaqişənin beynəlxalq hüququn prinsip və normalarına uyğun həll olunması bir zərurət kimi göstərilir.

Bookmark and Share