Home az ru en

“Bakı Universiteti” qəzeti - 92

01/06/2021

Milli mətbuatımızın banisi H.B.Zərdabi qəzeti həyatın “aynası” kimi qiymətləndirirdi. Həqiqətən də hər bir qəzet ünvanlandığı auditoriyanı maarifləndirmək, məlumatlandırmaq kimi ciddi funksiyaları yerinə yetirməklə əvəzolunmaz xidmət göstərmiş və göstərməkdədir. İkinci müstəqillik dövrümüzədək Azərbaycan Dövlət Universiteti adlanan bügünkü müqəddəs Bakı Dövlət Universitetinin də aynası hesab olunan bir qəzetimizin indi 92 yaşı tamam olur. Nəşrə “Student” adı ilə başlayan bu qəzet sonralar “Lenin tərbiyəsi uğrunda”, bizim günlərimizdə isə “Bakı Universiteti” adı altında nəşr edilir. Bakı Dövlət Universiteti Azərbaycanda ilk ali təhsil ocağı olduğu kimi, “Bakı Universiteti” qəzeti də universitet məkanında nəşr olunan ilk mətbuat orqanıdır. Bu qəzet həm də ölkəmizdə ilk sahə qəzeti kimi qiymətləndirilə bilər.

Nəşrə başladığı ilk nömrələrindən “Bakı Universiteti” qəzeti xalqımızın milli qürur mənbəyi olan Bakı Dövlət Universitetinin fəaliyyətini, xüsusilə tələbə həyatını, təhsil sistemimizin inkişaf sürətini, kadr hazırlığı siyasətini və digər onlarca tematikanı işıqlandırmışdır. Hətta sovet dövlətinin sərt senzura qadağaları dövründə belə “Bakı Universiteti” milli və ictimai maraq prinsiplərindən, Universitetdə hazırlanan kadrların milli ruhda tərbiyəsinə diqqətdən çəkinməmişdir.

Tipoloji xarakterinə görə sahə mətbuatı olan bu qəzetə tarixən  mətbuatı, jurnalistikanın fəaliyyət prinsiplərini həm nəzəri, həm də praktik cəhətdən mükəmməl bilən insanlar redaktorluq etmişlər. Onların sırasında Rəsul Rüstəmov, İsrafil Cahangirov, Yusif Yusifov, Şirməmməd Hüseynov, Seyfulla Əliyev, Nüsrət Bağırov, Aslan Aslanov, Ağamusa Zeynalov, Bayram Hüseynzadə kimi birbaşa Universitetimizə bağlı adamları xüsusi qeyd etməliyik.

“Bakı Universiteti” qəzeti bu gün daha böyük bir missiyanı yerinə yetirir. Bu qəzet ulu öndərimiz Heydər Əliyevin “Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır” kimi böyük qiymətini öz fəaliyyətində daim rəhbər tutur. Təsadüfi deyil ki, bu qəzet ağır pandemiya şəraitində belə öz dövriliyini qoruyub saxladı. “Bakı Universiteti” 44 günlük Vətən Müharibəsi mövzusunu, qələbəmizin, Zəfər yolumuzun, Ali Baş Komandan İlham Əliyevin “Birinci əsgər” (Mir Şahin) fəaliyyətini ön plana çəkdi. Qəzet Universitet tələbələrinin və məzunlarımızın döyüş yolu, şəhidlik zirvəsinə yüksəlmiş müqəddəslərimizin örnək olan həyat yolu ilə bağlı tematikanı daim gündəmdə saxlayır və pandemiya ilində Universitetimizin onlayn fəaliyyət istiqamətləri onun aparıcı, prioritet mövzuları sırasındadır.

“Bakı Universiteti” qəzetinin ən maraqlı müəllif imzaları tələbələrimizə məxsusdur. Onların səmimi, cəsarətli, kövrək imzaları bu qəzetin daha maraqlı, daha məzmunlu olmasına xidmət edir. Uzun bir tarixi yolu şərəflə keçmiş “Bakı Universiteti” qəzetinin 92 yaşı mübarək olsun!

Cahangir Məmmədli

 

Yeni media və kommunikasiya kafedrasının müdiri, professor

Bookmark and Share