Home az ru en

BDU rektorunun vaksinasiya ilə bağlı Universitet kollektivinə və təhsilalanlara müraciəti

10/08/2021

Hörmətli əməkdaşlar!

Əziz tələbələr, magistrantlar və doktorantlar!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli 48s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na müvafiq olaraq Bakı Dövlət Universitetində (BDU) çalışan bütün əməkdaşların müvafiq qaydada vaksinasiya olunması işlərini sürətləndirmək üçün bir sıra tədbirlər  həyata keçirilir.

Bu tədbirlər çərçivəsində BDU-nun təşəbbüsü və müraciəti əsasında cari ilin 15-21 aprel və 19-21 may tarixlərində BDU-nun ərazisində yerləşən 30 saylı şəhər poliklinikasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səyyar vaksinasiya məntəqəsi qurulmuş və əməkdaşların mütəşəkkil şəkildə COVID-19 infeksiyasına qarşı peyvənd olunması həyata keçirilmişdir.

Bununla yanaşı, BDU-nun əməkdaşları, tələbələri, magistrantları və doktorantları mütəmadi olaraq ərazi və sahə poliklinikalarında vaksinasiya prosesində iştirak etmişdir. Hazırda BDU-da çalışan bütün əməkdaşların müvafiq qaydada vaksinasiya olunması işlərini sürətləndirmək üçün tədbirlər (məlumatlandırma, maarifləndirmə, əlaqələndirmə və s.)  davam etdirilir.

Həyata keçirilmiş tədbirlər nəticəsində BDU əməkdaşlarının böyük əksəriyyəti vaksinasiya olunmuşdur. Bir sıra əməkdaşlar isə COVID-19 xəstəliyinə yoluxaraq infeksiyaya qarşı antitel qazanmışdır.

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələrinin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza ilə peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması, eyni zamanda 2021-ci il 1 sentyabr tarixindən etibarən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir.

Bütün bunları nəzərə alaraq BDU ailəsinin indiyədək peyvənd olunmayan hər bir üzvünü vaksinasiya prosesində daha fəal iştirak etməyə, müəllimlərimizi, inzibati-texniki heyətdə çalışan əməkdaşlarımızı və təhsilalanlarımızı qısa müddətdə vaksin olunmaqla COVID-19 pasportu əldə edərək ənənəvi təhsilə başlayacağımız günü birlikdə yaxınlaşdırmağa dəvət edirəm.

Unutmayaq ki, biz Qalib ölkənin qalib vətəndaşlarıyıq!

Biz birlikdə güclüyük və bu birlik və həmrəylik COVID-19 infeksiyasına qarşı mübarizə cəbhəsində də əldə edəcəyimiz qələbənin əsas güc mənbəyidir!

 

BDU rektorunun vaksinasiya ilə bağlı Universitet kollektivinə və təhsilalanlara müraciəti

 

Hörmətlə,

BDU-nun rektoru Elçin Babayev

10 avqust 2021-ci il

Bookmark and Share