Home az ru en

BDU-da 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş Respublika elmi konfransı

14/06/2022

Bakı Dövlət Universitetində (BDU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Dahi şəxsiyyət və müdrik lider” adlı Respublika elmi konfransı keçirilib.

Əvvəlcə konfrans iştirakçıları BDU-da Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar.

Konfransın plenar iclasını giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev bildirib ki, xalqların və dövlətlərin taleyində tarixi günlərin, yeni reallıqlar yaradan və inkişafa təkan verən ictimai-siyasi proseslərin olduqca böyük əhəmiyyəti var. Zaman keçdikcə fenomenal liderlərin, tarixi yaradan şəxsiyyətlərin ən çətin situasiyalardakı misilsiz rolları, qəbul etdikləri müdrik qərarların qüdrəti bir daha aydınlaşır. Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun tarixi də xalqımızın və dövlətimizin tarixi və taleyində bu cür müstəsna rola malikdir. 1991-ci ildə xalqımız uzun illər arzusunda olduğu dövlət müstəqilliyini yenidən bərpa etsə də, təəssüf ki, qısa zaman kəsiyində müstəqilliyin itirilməsi sınağı ilə üz-üzə qaldı. Müstəqil Azərbaycan inkişaf və rifah əvəzinə günü-gündən tənəzzülə uğradı. Xalqımız vətəndaş qarşıdurmasına yuvarlandı.1992-1993-cü illərdə hakimiyyətdə olan qüvvələr ölkə daxilində siyasi prosesləri tənzimləməyi bacarmır, respublikada sabitlik, əmin-amanlıq yaratmaq əvəzinə, səriştəsizlikləri ilə yaratdıqları böhranı daha da dərinləşdirirdilər. Belə bir dözülməz şəraitdə xalqımızı və ölkəmizi bu acınacaqlı vəziyyətdən yalnız fenomenal şəxsiyyət – Ulu öndər Heydər Əliyev çıxara bilərdi. Qədirbilən xalqımız müdrik qərar verdi. Bu qərar dünyaya xilaskarlıq missiyası ilə gəlmiş Ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya – ölkənin siyasi mərkəzinə dəvət edilməsi idi.

Rektor qeyd edib ki, 1993-cü ilin 9 iyununda xalqının səsinə, harayına səs verərək və eyni zamanda həyatını böyük təhlükələrə ataraq Bakıya dönən Heydər Əliyev mahiyyətcə, məzmunca yeni və daha parlaq bir tarixin yaradıcısı oldu. Bu dönüş, bu qayıdış bütün mənalarda milli qurtuluşumuz, nicatımız idi. Bu mənada Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildiyi 1993-cü ilin 15 iyun tarixinin xalqımız tərəfindən Milli Qurtuluş Günü adlandırılması xalqımızın müdrik rəhbərinə verdiyi tarixi qiymət, öz sabahını müəyyənləşdirmək baxımından böyük tarixi qərardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan tarixinin dönüş nöqtəsi” adlandırdığı Milli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməli, məhək daşı oldu. 1997-ci ildən etibarən rəsmi olaraq dövlət bayramı kimi qeyd edilən bu tarix ilk növbədə XX əsrdə ikinci dəfə əldə etdiyimiz müstəqilliyimizin xilası kimi olduqca böyük əhəmiyyət daşıyır. Məhz bu parlaq tarixdən sonra Ulu öndərin yorulmaz səyləri nəticəsində dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas olan ölkəmiz ardıcıl rifah və tərəqqi yoluna qədəm qoydu. Ulu öndərin rəhbərliyi ilə qısa zaman ərzində aparılan siyasi-iqtisadi islahatlar, peşəkar ordu quruculuğu, bütün bunların fonunda yaranmış əmin-amanlıq, sabitlik, rifah xalqımızın sabaha olan ümidlərini artırdı. Onu müdrik və cəsarətli rəhbərinin ətrafında yumruq kimi birləşməyə sövq etdi. Eyni zamanda xalqın inamından güc alan Ulu öndər müstəqil Azərbaycan dövlətinin siyasi və hüquqi təsisatlarını, inkişaf strategiyasını müəyyənləşdirdi.

2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu öndərimizin xilaskarlıq, qurtuluş, tərəqqi və rifah missiyasını uğurla davam etdirdi. Ölkəmiz daha da qüdrətləndi, əsası Ulu öndər tərəfindən qoyulan siyasi idarəçilik sistemi inkişaf etdirildi. Balanslaşdırılımış siyasət yürüdən dövlətimiz dayanıqlı və davamlı rifaha nail odu. Azərbaycanı günbəgün qüdrətləndirən möhtərəm Prezidentimiz İlham Əliyev 2020-ci ilin 27 sentyabrında başlayan və tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsi ilə layiqli davamçısı olduğu Ulu öndərin ən böyük arzusunu gerçəkləşdirdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda başlatdığı milli qurtuluş savaşı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Qarabağın işğaldan qurtulması ilə özünün zirvəsinə çatdı.

Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri Kamilə Əliyeva çıxışında 15 iyunun Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını və ölkənin iqtisadi, siyasi, hərbi inkişafının məhz bu möhtəşəm tarixdən başladığını qeyd edib.

Milli Məclisin üzvü Sevinc Fətəliyeva isə bildirib ki, Azərbaycanın qazandığı bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır.

Konfransda Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Heydər Əliyev: 1969-1982-ci illər intibah dövrünün banisi, BDU-nun kafedra müdiri, akademik Yaqub Mahmudov “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, BDU-nun kafedra müdiri İradə Hüseynova “Heydər Əliyev və Qafqazda sülh prosesi”, Tarix fakültəsinin II kurs magistrantı Sarışan Adışova “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzə ediblər.

Tədbir ədəbi-bədii hissə ilə davam edib.

Bookmark and Share