Home az ru en

BDU-da “21 Azər hərəkatı”na həsr olunmuş dəyirmi masa keçirilib

21/12/2022

Bakı Dövlət Universitetində (BDU) “21 Azər hərəkatı”na həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirin moderatoru, akademik Rafael Hüseynov qeyd edib ki, hər bir xalq üçün dövlət müstəqilliyindən, istiqlaldan qiymətli heç nə yoxdur. Azərbaycan xalqı bu istiqlaliyyəti 1918-ci ildə qazanıb və 1991-ci ildə yenidən bərpa edib. Dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsi isə Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sayəsində mümkün olub. Məhz bu iki liderin misilsiz xidmətləri sayəsində Azərbaycanın dövlət müstəqilliyi hər keçən gün daha da möhkəmlənir və dönməz xarakter alır. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi Arazın o tayında da davam edib. Yaradılmasının 77-ci ildönümünü qeyd etdiyimiz “21 Azər hərəkatı” məhz Səttarxanın “Məşrutə inqilabı” və Şeyx Məhəmməd Xiyabaninin “Azadıstan” milli hökumətinin məntiqi davamı idi. Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi bu hərəkatın milli mübarizə tariximizdə önəmli yeri var. Cəmi bir il ərzində Azərbaycan Milli Hökuməti öz milli bayrağını, himnini qəbul etdi, qadınlara da səsvermə hüququ verdi, müstəqil parlamentini yaratdı, ana dilində 3000-dən çox məktəb, Azərbaycan Radioverilişləri Agentliyini, Təbriz Dövlət Universitetini açdı. Bu mübarizə ruhunun hazırda da davam etdiyini qeyd edən Rafael Hüseynov diqqətə çatdırıb ki, İrandakı 46 milyonluq azərbaycanlının taleyi hər birimizi düşündürür.

BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Ələmdar Şahverdiyev “Cənubi Azərbaycanda “21 Azər hərəkatı” tarixindən” adlı məruzə edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında İran islam Respublikasının ərazisində yaşayan 40 milyon azərbaycanlının öz ana dilində təhsil almaqdan məhrum olduğuna etirazını bildirib və gələcəkdə bu problemin həllinin Azərbaycan dövlətinin diqqətində olacağını bəyan edib. Bu bəyanat bölünməz, vahid Azərbaycan məfkurəsinin yol xəritəsidir. “21 Azər hərəkatı”nın səbəbləri, tarixi kökləri barədə məlumat verən natiq qeyd edib ki, bu hərəkatın ilk mərhələsi 1939-cu ildən 1942-ci ilə qədər dövrü əhatə edir. Həmin mərhələdə Azərbaycan Kommunist Partiyası MK-nın III katibi işləmiş görkəmli dövlət xadimi Əziz Əliyevin rəhbərliyi altında göndərilmiş heyətin Cənubi Azərbaycanda milli ictimai şüurun formalaşmasında müstəsna xidmətləri olub. Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə 1945-ci il dekabrın 12-də yaradılan Cənubi Azərbaycan hökuməti bir il fəaliyyət göstərməsinə baxmayaraq milli-azadlıq hərəkatı tarixində xüsusi iz buraxıb.

BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Sevda İsmayılova isə “21 Azər hərəkatı”na xalqın milli özünüdərk prosesinin yüksəlişi aspektində nəzər yetirib. Bildirib ki, Azərbaycan Milli Hökumətinin qərarı ilə Azərbaycan dili rəsmi dövlət dili elan olunub, milli dərsliklər çap olunub: “Təbrizdə Azərbaycan Dövlət Universitetinin açılması Milli Hökumətin xalqımız qarşısında çox böyük xidməti idi. Bu tarixi hadisəni “Azərbaycan” qəzeti “İkinci 21 Azər” adlandırmışdı. Milli özünüdərk prosesinin yüksəlişi milli teatrın da dirçəlişinə səbəb oldu. 21 Azər XX əsrdə Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatının zirvəsi oldu. Lakin azadlıq ocağı söndürülsə də, kül közərməyə başladı. İnanırıq ki, Arazın o tayında öz tarixi ərazilərində yaşayan soydaşlarımız yenə də milli hüquqlarını əldə edəcəklər”.

BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri İqbal Ağayev isə tədbir iştirakçılarına Cənubi Azərbaycan milli-azadlıq hərəkatında Seyid Cəfər Piişəvərinin rolu barədə məlumat verib. Qeyd edib ki, onun mübarizəsi 1946-cı ildə qan içində boğulsa da, Cənubi Azərbaycanda azərbaycanlıların milli hüquqlar uğrunda mübarizəsi dönməz, əbədi və sarsılmazdır.

Millət vəkili, BDU-nun professoru Jalə Əliyeva, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu isə çıxışlarında ”21 Azər hərəkatı”nın bədii ədəbiyyatda inikasına nəzər yetiriblər. Çıxışlarda xalqın milli oyanışının ədəbiyyatda da əks olunduğu, milli istiqlal mövzusunun üstünlük təşkil etdiyi diqqətə çatdırılıb.

Bookmark and Share