Home az ru en

BDU-da Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu ilə görüş keçirilib

14/11/2022

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə “Məzunlarla görüş” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, tərcüməçi, esseist Səlim Babullaoğlu ilə görüş keçirilib. Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı fakültənin yaranmasının 60 illiyi ərəfəsində həyata keçirilən layihə barədə məlumat verib, bu cür görüşlərin tələbələrin mütaliə mədəniyyətinin, estetik zövqünün formalaşmasında və eləcə də onların sosial fəallıqlarının artmasında mühüm rol oynadığını bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev Səlim Babullaoğlunun çağdaş ədəbiyyatımızın inkişafındakı rolundan bəhs edib. Bildirib ki, Səlim Babulloğlu ədəbiyyatımızda istedadlı şair, tərcüməçi və esseist kimi imzasını təsdiqləyib: “Səlim Babullaoğlu eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi kimi Azərbaycan ədəbiyyatının, Qarabağ həqiqətlərinin xaricdə təbliği ilə bağlı mühüm layihələr həyata keçirir, nəşr etdirdiyi kitablarla beynəlxalq kitab sərgilərində ölkəmizi layiqincə təmsil edir”.
Görüşdə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, Əməkdar artist Rafiq Həşimov, AYB-nin katibi İlqar Fəhmi Səlim Babullaoğlunun çoxşaxəli yaradıcılığı haqqında söz açıb, ədibin ölkəmizdə və xaricdə çap olunan kitablarından, baş redaktorluğu ilə nəşr olunan “Dünya ədəbiyyatı” və “Kitabçı” dərgilərinin əhəmiyyətindən bəhs ediblər. Onun rəhbərliyi ilə 2022-ci ildə gerçəkləşdirilən “Sözün də su kimi lətafəti var” I Bakı Beynəlxalq Poeziya Festivalının və Azərbaycan da daxil olmaqla, dünyanın 30 ölkəsindən 44 şairin iştirak etdiyi “Şuşaya salam” layihəsinin böyük rəğbətlə qarşılandığını bildiriblər.  
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov, Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini Zahidə Rzayeva çıxışlarında istedadlı şairin əsərlərinin məziyyətlərindən danışıblar.
Səlim Babullaoğlu onunla görüşə şərait yaratdıqlarına görə BDU rəhbərliyinə təşəkkürünü bildirib, görüş iştirakçıları üçün seirlərini səsləndirib.
Diskussiya şəraitində davam edən görüş tələbələrin böyük marağına səbəb olub, Səlim Babullaoğlu imzalı kitablarını tələbələrə hədiyyə edib.



Bookmark and Share