Home az ru en

BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

30/12/2022

Bakı Dövlət Universitetində (BDU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlını birləşdirən tarixi gündür. Bu günün əhəmiyyəti ildən-ilə daha da artaraq, bütün dünya azərbaycanlıları tərəfindən mənəvi ehtiyaca çevrilib: “1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bundan sonra bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetində qərar qəbul olundu. 1992-ci ildən etibarən isə bütün ölkəmizdə bu bayram dövlət səviyyəsində qeyd olunmağa başladı”.

E. Babayev vurğulayıb ki, Ulu öndərin bütün arzuları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilib: “Ümummilli liderin bütün dünya azərbaycanlılarını Vətən uğrunda birləşdirmək ideyası reallaşıb. Dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar Vətən naminə həmrəy olublar. Xalqın öz rəhbəri ətrafında yumruq kimi necə birləşməsini Vətən müharibəsi də sübut etdi. 44 günlük Vətən müharibəsi Azərbaycanda formalaşmış milli həmrəyliyin təcəssümüdür. Bu birlik bizi şanlı Zəfərə apardı, həmrəyliyimiz daha neçə zəfərlərə vəsilə olacaq”.

Milli Məclisin üzvü Aqil Abbas da çıxışında dövlətin, xalqın bütün uğurlarının kökündə milli həmrəyliyin dayandığını bildirib. Vətən müharibəsində qazanılan Zəfər də Azərbaycan xalqının həmrəy ola bilmək bacarığının isbatıdır.

Milli Məclisin üzvü, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli isə Azərbaycan xalqının və dövlətinin qarşısında dayanan növbəti hədəflərdən danışıb: “Azərbaycan Respublikasının Prezidenti Qərbi Azərbaycan icmasının üzvləri ilə görüşündə artıq dövlətimizin tarixi torpaqlarla bağlı strategiyasını elan etdi. Tarixi torpaqlarımız uğrunda mübarizə artıq başlayıb. Bu mübarizə məhz həmrəyliyimizdən keçir. Bütün təhsil ocaqlarında tarixi torpaqlarımızla bağlı həqiqətlər öyrənilməli, dərsliklər yazılmalıdır”.

Tədbirdə BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin beynəlxalq olimpiadalarda uğur qazanan şagirdləri çıxış edərək, təbriklərini çatdırıblar.

Daha sonra BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri Mehman Abdullayev, Kitabxanaçılıq-informasiya fakültəsinin magistri Lamiyə Əliyeva çıxışlarında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən söz açıb, bu ənənənin dünya azərbaycanlılarının milli kimliyinin inkişafındakı önəmindən bəhs ediblər.

Bookmark and Share