Home az ru en

BDU-da dünya kitabxanalarının idarəetmə nəzəriyyəsi müzakirə edilib

16/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Dünya kitabxanaşünaslığında kitabxanaların idarəetmə nəzəriyyəsinin elmi əsasları" mövzusunda elmi seminar keçirilib.

Seminarda BDU-nun Elmi Kitabxanasının direktoru, Kitabxanaşünaslıq kafedrasının dosenti Nigar İsmayılova mövzu ilə bağlı məruzə edib.

Tədqiqatçı dünya kitabxanaşünaslarının araşdırmalarında kitabxanalarda idarəetmə nəzəriyyəsinin meydana çıxması və tətbiqi barədə məlumatları xronoloji ardıcıllıqla diqqətə çatdırıb. Bildirib ki, kitabxana menecmentinə elmi yanaşma idarəetmənin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Məruzədə qeyd olunub ki, dünya kitabxanaşünaslığında kitabxanalarda idarəetmə nəzəriyyəsinin tətbiqinə həsr olunmuş ilk müzakirələr XIX əsrin sonlarında meydana çıxıb. Bu dövrdən etibarən ilk dəfə olaraq kitabxanalarda idarəetmə nəzəriyyəsi ilə bağlı terminlər elmi dövriyyəyə daxil edilib. Kitabxanaların inkişafında əsas mərhələnin onların təhsil institutu kimi formalaşma dövrü olduğunu diqqətə çatdıran tədqiqatçı ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Almaniya və digər ölkələrin iş təcrübəsi haqqında ətraflı məlumat verib, bir sıra paralellər, müqayisəli təhlillər aparıb. Nigar İsmayılova elmi idarəetmə sahəsində ixtisaslaşmanın gücləndirilməsinin və idarəetmə metodlarının praktiki tətbiqi üzrə müvafiq fənlərin əlaqələndirilməsinə diqqətin artırılmasının vacibliyini vurğulayıb. Nəticə olaraq bildirilib ki, kitabxanaşünaslıqda XIX əsrin sonlarında meydana gələn, XX əsrin 20-30-cu illərində formalaşan elmi idarəetmə nəzəriyyəsi XXI əsrin əvvəllərində inkişafının ən yüksək mərhələsinə çatıb.

Elmi seminar iştirakçıların marağına səbəb olub, məruzəçiyə çoxsaylı suallar ünvanlanıb.

Bookmark and Share