Home az ru en

BDU-da "Şekspir yaşayır" qlobal tədbirlər proqramı çərçivəsində film nümayişi olub

01/03/2016

Bakı Dövlət Universitetində “British Council”un təşkilatçılığı ilə məşhur dramaturq, şair, aktyor və teatr xadimi Uilyam Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar "Şekspir yaşayır" qlobal tədbirlər proqramı çərçivəsində film nümayiş etdirilib. "Heç nədən hay-küy" adlı film  universitetin müəllim və tələbələri tərəfindən maraqla izlənilib.

Qeyd edək ki, dahi ingilis dramaturqu U.Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar onun həyat və yaradıcılığına həsr edilmiş “Şekspir yaşayır” proqramı onlayn əməkdaşlığa cəlb olunmaqla yazıçının əsərlərini bilavasitə səhnədə, ekranda, sərgilərdə və məktəblərdə izləməklə keçiriləcək anım tədbirlərinə qatılmaq üçün dünyaya bir çağırışdır. Tədbirlərdə yarım milyarddan çox insanın iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, British Council və “GREAT Britain” kampaniyası Birləşmiş Krallıqda və dünyanın digər ölkələrində məktəb şagirdləri və bütün yaş qrupları üzrə ingilis dilini öyrənənlər üçün Şekspir pyeslərinin, videomaterialların, ictimai oxu və təhsil resurslarının tamamilə yeni versiyada təqdimatında Britaniya teatrları, muzeyləri, habelə təhsil işçiləri və mədəniyyət xadimləri ilə birgə işləyir.

Qeyd edək ki, 2015-ci ilin payızında başlayan "Şekspir yaşayır"festivalı  bu ilin sonuna qədər davam edəcək. Proqram çərçivəsində Şekspirin həyatı bütün insanlara və xalqlara səslənən real bir yazıçı kimi tədqiq ediləcək. İngilis dili, təhsil və incəsənət sahəsində keçiriləcək tədbirlərdə ingiltərəli dramaturqun bütün dünyanın paylaşdığı bir sənətkar olmasının tarixçəsi öyrəniləcək.

Bookmark and Share