Home az ru en

BDU-da “Nizami Gəncəvi əsərlərinin əlyazma nüsxələri dünya arxiv və kitabxanalarında” mövzusunda elmi seminar

02/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə onlayn elmi seminar keçirilib. Elmi seminarda Kitabşünaslıq və nəşriyyat işi kafedrasının magistrantı İlahə Əhmədova “Nizami Gəncəvi əsərlərinin əlyazma nüsxələri dünya arxiv və kitabxanalarında” mövzusunda məruzə edib. Məruzəçi ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamının gənc tədqiqatçıların qarşısında mühüm vəzifələr qoyduğunu və onlar üçün böyük stimul yaratdığını bildirib. Nizami Gəncəvinin bizə gəlib çatmış 900-ə yaxın əlyazmasının mövcud olduğunu qeyd edən gənc tədqiqatçı bildirib ki, bu say təqribi xarakter daşıyır, çünki, farsdilli əlyazmaların kataloqlarına nəzər salsaq, bu zaman onların Nizami əsərlərinin bütün əlyazmalarını əhatə etmədiyini görə bilərik. Bu isə tarixi hadisələrin nəticəsində əlyazmaların bütün dünyaya, eyni zamanda xüsusi kolleksiyalara səpələnməsi faktına əsaslanır.

Tədqiqatçı Fransa Milli kitabxanası, Kembric Universitet kitabxanası, Tehran Milli kitabxanası, Nyu-York Metropoliten muzeyi, İstanbul Nuri Osmaniyə kitabxanası və digər arxiv və kitabxanalarda saxlanılan nüsxələrdən nümunələr gətirib, müqayisəli təhlillər aparıb, dünyanın müxtəlif arxiv və kitabxanalarında saxlanılan Nizami əlyazmaları tərtibat baxımından da mükəmməl olduğunu qeyd edib. Onların içərisində süjetli miniatürlər, naxışlar, başlıqlara vurulmuş bəzəklər, döymə üsulla bəzədilmiş dəri cildlərin rəngarənglikləri ilə seçildiyi diqqətə çatdırılıb, belə nəfis tərtibatlı əlyazmalardan bəzilərinin M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanıldığı vurğulanıb.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla dinlənilib, dekan müavini Zahidə Rzayeva, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, dosent Nailə Mehrəliyeva, fəlsəfə doktorları Sevda Quliyeva, Leyla Abasova, fakültə TEC-in sədri Ülkər Cabarova məruzə ilə bağlı fikirlərini bildirib, gənc tədqiqatçıya suallar ünvanlayıblar.

Bookmark and Share