Home az ru en

BDU-da “Ulu Öndər Heydər Əliyev xarici nəşrlərdə” mövzusunda elmi seminar keçirilib

18/05/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələrin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov “Ulu Öndər Heydər Əliyev xarici nəşlərdə” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi Azərbaycanda elmin, təhsilin, mədəniyyətin inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən, Ümummilli Liderin ölkəmizdə kitab mədəniyyətinin inkişafı ilə bağlı həyata keçirdiyi misilsiz işlərdən bəhs etmiş, müdrik rəhbərin kitabçılıq işi, kitab nəşri məsələləri ilə əlaqədar kəlamlarından nümunələri diqqətə çatdırmışdır. Məruzədə qeyd olunmuşdur ki, Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə həsr olunmuş fundamental kitablar kütləvi tirajlarla həm Azərbaycanda, həm də xarici ölkələrdə müxtəlif dillərdə nəşr edilmiş, geniş şəkildə yayılmışdır. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən Ulu Öndərin irsinin öyrənilməsi və təbliği sahəsində respublikamızda və beynəlxalq aləmdə mühüm tədbirlərin həyata keçirildiyi, xarici ölkələrdə müdrik rəhbərə həsr edilmiş çoxlu sayda kitabların nəşr edildiyi vurgulanmışdır. Məruzəçi Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Belarusiya, Qazaxıstan, Özbəkistan, eləcə də bir sıra Avropa ölkələrində istər Ulu Öndər Heydər Əliyevin öz kitabları, istərsə də Ulu Öndərə həsr olunmuş nəşrlər barədə ətraflı məlumatlar vermiş, nümunələr göstərmişdir.

Alimin məruzəsi elmi seminar iştirakçıları tərəfindən maraqla dinlənilmiş, məruzəçiyə çoxsaylı suallar ünvanlanmışdır. Məruzə ilə bağlı çıxış edənlər – dekan müavinləri Mehmanəli Məmmədov, Zahidə Rzayeva, kafedra müdiri Knyaz Aslan, dosentlər Nailə Mehrəliyeva, Elçin Məmmədov məruzənin xüsusi əhəmiyyətini qeyd ediblər, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin hərtərəfli öyrənilməsinin, bu irsin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıblar.

Bookmark and Share