Home az ru en

BDU-da Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib

29/12/2021

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi və Elmi Kitabxananın təşkilatçılığı ilə Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr edilmiş “Əzizə Cəfərzadə yaradıcılığı Azərbaycan nəsrində yeni mərhələ kimi” mövzusunda elmi-praktik konfrans keçirilib.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov tədbiri giriş sözü ilə açaraq bildirib ki, 2021-ci ilin dekabr ayında görkəmli yazıçı Əzizə Cəfərzadənin anadan olmasının 100 ili tamam olur. 2021-ci ilin əvvəlindən başlayaraq müxtəlif qurumlarda, yaradıcı təşkilatlarda Əzizə Cəfərzadənin yubileyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini qeyd edən Mais Süleymanov görkəmli ədibin məzunu və professoru olduğu BDU-da elmi-praktik konfransın keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Əzizə Cəfərzadə irsinin Ulu Öndərimiz Heydər Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirildiyini, dövlətimiz tərəfindən görkəmli ədibin Xalq yazıçısı adına, “Şöhrət” ordeninə və Prezidentin fərdi təqaüdünə layiq görüldüyünü vurğulayıb. Natiq Əzizə Cəfərzadənin əsərlərinin Azərbaycanda estetik fikrin, oxucu zövqünün, mütaliə mədəniyyətinin formalaşmasında, milli özünüdərkin inkişafında mühüm rol oynadığını da qeyd edib.

Konfransda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Almaz Ülvi “Əzizə Cəfərzadənin yaradıcılığında tarixi obrazlar”, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətini üzvü, ədəbiyyatşünas Əsəd Cahangir “Əzizə Cəfərzadə və milli özünüdərk”, BDU-nun dosenti Pərviz Kazimi “XX əsr Azərbaycan ədəbiyyatında Əzizə Cəfərzadə hadisəsi”  mövzularında məruzə ediblər.

Sonda Xalq yazıçısının oğlu Turan İbrahimov çıxış edərək Əzizə Cəfərzadənin son dövrlər nəşr edilən kitabları haqqında ətraflı məlumat verib, eyni zamanda anasının yaradıcılığına verilən yüksək qiymətə görə BDU-nun rəhbərliyinə təşəkkürünü bildirib. Turan İbrahimov Xalqı yazıçısı Əzizə Cəfərzadənin əsərlərinin son nəşrlərini BDU-nun Elmi Kitabxanasına hədiyyə edib.

Bookmark and Share