Home az ru en

BDU-da “Zəfərə aparan yol” mövzusunda dəyirmi masa keçirilib

23/12/2022

Bakı Dövlət Universitetində (BDU) “Zəfərə aparan yol” mövzusunda dəyirmi masa keçirilib.
Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, dövlətləri tanıdan onların mədəniyyəti, təbii sərvətləri ilə yanaşı, dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərdən biri də tarixə adını “Tarix yazan Sərkərdə” kimi həkk etdirən Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir: “Azərbaycan xalqı çox xoşbəxtdir ki, Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, dövlətçiliyimizin hərtərfli inkişaf konsepsiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində hazırda ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır. Son 19 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi münasibətlərin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Əminliklə söyləmək olar ki, xalq-iqtidar birliyi, hakimiyyətin həyata keçirdiyi siyasətin xalqımız tərəfindən dəstəklənməsi sayəsində bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik indeksinə görə Azərbaycan regionda ilk sıralarda qərarlaşıb. Prezident İlham Əliyevin balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilib. 2019-cu ildən etibarən 2022-ci ilə qədər Azərbaycan Respublikası BMT-dən sonra ikinci ən böyük beynəlxalq platformaya sədrlik edir. Ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməsi də tarixi hadisədir. Azərbaycanın şanlı tarixinə öz adını qızıl hərflərlə yazan Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli daxili və xarici siyasətin öz bəhrəsini verməsi qürurvericidir”.
Rektor qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi: “44 günlük müharibə ərzində Azərbaycan regionda yeni siyasi reallığın müəllifi kimi bir daha sübut etdi ki, ölkəmizlə heç zaman güc dilində danışmaq, ona hansısa şərtləri diqtə etmək qeyri-mümkündür. Artıq qalib ölkə olan Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə nəhayətsiz quruculuq işlərinə başlayıb. Bu gün Şuşada, Ağdamda, Füzulidə və Qarabağın digər rayonlarında həyata keçirilən bərpa-quruculuq tədbirləri hər kəsdə tükənməz qürur və məmnunluq duyğusu yaradır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlətimizə başçılıq etdiyi illər mühüm hadisələr, faktlar və rəqəmlərlə zəngindir. Bu illərin hər biri dövlətçilik tariximizin hər bir azərbaycanlıya qürur hissi yaşadan şanlı səhifələridir. Əminik ki, bundan sonra da hələ uzun illər Prezident İlham Əliyevin müdrik rəhbərliyi və uzunmüddətli strateji perspektivlərə hədəflənən fəaliyyəti sayəsində Azərbaycanın dayanıqlı və dinamik inkişafı təmin ediləcək, ölkəmiz daha parlaq sabahlara doğru yürüyəcək”.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çoxşaxəli fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərə aparan yol öz başlanğıcını Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən götürür. Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətinin təməlləri məhz Ulu öndərin hakimiyyətdə olduğu illərdə qoyulub. Bu Zəfərin yolu özünüdərkdən, milli-mənəvi dəyərlərə sahib çıxmaqdan, keçmişi qorumaqla gələcəyə əmin addımlarla irəliləməkdən, dövlətçilikdən, xalqın birliyindən keçib. Bu Zəfər yolu bizi yeni zəfərlərə çatdıracaq.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov isə hüquqi dövlət quruculuğunun şanlı Zəfərimizdə rolundan bəhs edib. Bildirib ki, Ulu öndərin təməlini qoyduğu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin, əzmkarlığın, dəmir iradənin nəticəsində Azərbaycan 30 il sonra Ermənistanı   kapitulyasiya aktı imzalamağa məcbur edib.
Daha sonra Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Azərbaycan milli dövlətçilik tarixində Heydər Əliyev zirvəsi”, Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev “Şanlı Zəfərimiz”, Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov isə “Tarixə adını yazdıran Sərkərdə” mövzularında çıxışlar ediblər. Çıxışlarda Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin tarixi missiyasını uğurla daşıdığı diqqətə çatdırılıb, Azərbaycanı yeni zəfərlərə doğru aparacağına əminlik ifadə olunub.

Bookmark and Share