Home az ru en

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində özbəkistanlı alimlərlə görüş

09/06/2023

Özbəkistanın Səmərqənd Dövlət Universiteti, Termez Dövlət Universiteti, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin bir qrup professor-müəllim heyəti Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində olublar.

Görüş zamanı fakültə rəhbərliyi tərəfindən dost və qardaş ölkədən gələn qonaqlara ölkəmizdəki təhsil mühiti, Azərbaycanın ilk universiteti olan BDU-nun tarixi və bu günü, eyni zamanda İnformasiya və sənəd menecmenti fakültəsi barədə geniş məlumat verilib.

Görüşdə çıxış edən Səmərqənd Dövlət Universitetinin professoru Əzimidin Nəsirov “Heydər Əliyev İli”ndə Azərbaycanda və Ümummilli Liderin məzunu olduğu BDU-da olmaqlarından məmnunluğunu ifadə edib. O, eyni soya, ortaq tarixə və mədəniyyətə malik xalqlarımızın dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək özbəklərin hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərdiyini vurğulayıb. Qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran natiq hazırda Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti  Şavkat Mirziyoyevin səyləri ilə dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə çatdığını bildirib.

Son illər Azərbaycanla Özbəkistan arasında elmi əlaqələrin gücləndiyini, xüsusilə BDU ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq haqqında müqavilələrin imzalandığını qeyd edən professor Əzimidin Nəsirov birgə elmi konfransların təşkili, müəllim-tələbə mübadiləsi və bu kimi digər məsələlərlə bağlı əməkdaşlığı yüksək qiymətləndirib.

Sonra Termez Dövlət Universitetinin dosentləri Normat Yuldaşev, Maksuda Berdimuradova, Batır Akbotayev, Gözəl Hümmətova, Hüriyyət Mühiddinova, baş müəllim Yulduz Haitova və Özbəkilstan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin müəllimi Gülnaz Çurakulova məruzələrlə çıxış ediblər. Qonaqlar həmçinin fakültənin professor-müəllim heyəti və tələbələri ilə müxtəlif mövzularda diskussiya aparıblar.

 

Bookmark and Share