Home az ru en

BDU-nun rektoru, akademik Abel Məhərrəmova Rusiya Elmlər Akademiyasının həqiqi üzvü diplomu təqdim olunub

25/01/2017

Yanvarın 24-də Rusiya Elmlər Akademiyası (REA) Rəyasət Heyətinin Moskvada keçirilən geniş iclasında Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova REA-nın həqiqi üzvü diplomunun və nişanının təntənəli təqdimetmə mərasimi keçirilib.

Akademik A. Məhərrəmov Rusiya Elmlər Akademiyasında 2016-cı ildə keçirilmiş səsvermənin nəticələrinə görə bu nüfuzlu elm ocağının həqiqi üzvü seçilib.

Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Vladimir Fortov akademik Abel Məhərrəmovu yüksək ada layiq görülməsi münasibətilə təbrik edərək, onun Azərbaycan və dünya elmi qarşısındakı böyük xidmətlərindən danışıb. Bildirib ki, Abel Məhərrəmov 54 ixtiranın, 51 dərslik və dərs vəsaitinin, 1000-dən çox məqalə və tezisin müəllifi, 60-dan çox alimin elmi rəhbəridir. Akademik Abel Məhərrəmov dünyanın bir çox nüfuzlu universitetlərinin, o cümlədən Rumıniya, Türkiyə, Albaniya, Qazaxıstan, Ukrayna və Çinin bir sıra universitetlərinin fəxri doktoru, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professorudur. Bir çox dövlətlərin yüksək mükafatlarına və müxtəlif fəxri adlarına, o cümlədən “Elm və texnologiya sahəsində 2012-ci ilin ISESCO mükafatı”na, İqtisadi Əməkdaşlıq Təşkilatının Qızıl medalına layiq görülüb.

Akademik Abel Məhərrəmov REA-nın həqiqi üzvü diplomunu və nişanını qəbul edərək ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. “Mən bu uğuru Azərbaycan elminin, Azərbaycan xalqının və ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə elm və təhsilə göstərdiyi yüksək qayğının nəticəsi kimi qəbul edirəm”, - deyə akademik vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Rusiyanı çoxəsrlik dostluq əlaqələri birləşdirir. Ölkələrimiz bütün sahələrdə, eyni zamanda, elm və təhsil sahəsində sıx əməkdaşlıq edirlər. Akademik deyib: “Sovet İttifaqı dağılandan sonra əlaqələrimiz deformasiyaya uğradı, destruktiv dəyişikliklərə məruz qaldı. Bu gün isə dövlət başçıları İlham Əliyev və Vladimir Putinin müdrik və balanslaşdırılmış siyasəti sayəsində ölkələrimiz arasında tarixi əlaqələr yüksək səviyyədədir. Hazırda bu qarşılıqlı əlaqələr daha da dərinləşir, genişlənir və dinamik inkişaf edir”.

Akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti adından Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinə Azərbaycan və Rusiya prezidentlərinin şəkilləri həkk olunmuş lövhə, həmçinin Bakı Dövlət Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universiteti kimyaçı alimlərinin birgə yazdıqları monoqrafiyanı təqdim edib. ABŞ-da ingilis dilində dərc edilmiş “Qeyri-kovalent qarşılıqlı təsir” adlı həmin monoqrafiya REA-nın təklifi ilə rus dilinə tərcümə edilib və dərslik kimi ali məktəb tələbələrinə tövsiyə olunub.

Rusiya Elmlər Akademiyasının akademiki, M.V.Lomonosov adına MDU-nun kimya fakültəsinin dekanı Valeri Lunin bildirib ki, REA-nın 300 illik tarixi ərzində yaranmış ənənəyə görə, müxtəlif ölkələrin ən görkəmli alimləri bu akademiyanın həqiqi üzvü seçilmək kimi fəxri hüquq qazanırlar. “2017-ci ildə REA-nın diplomu ilk olaraq həmkarımız və dostumuz, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova təqdim edilib. Bu, çox böyük nailiyyətdir. Mənim üçün bu, xüsusilə çox xoş hadisədir. Həmkarım akademik Abel Məhərrəmovla elm və təhsil sahələrində sıx əlaqələrimiz uzun illərdir davam edir. Mən M.V.Lomonosov adına MDU-nun yetişdirməsi Abel Məhərrəmova Azərbaycan elminin gələcək inkişafı naminə daha böyük uğurlar arzulayıram”, - deyə Valeri Lunin bildirib.

Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının həqiqi üzvünün seçilməsinə dair səsvermə üç mərhələdə həyata keçirilib. Seçkilərdə müxtəlif ölkələri təmsil edən 2400 alimin namizədliyi irəli sürülüb. Səsvermənin nəticələrinə görə, ABŞ, Böyük Britaniya, Yaponiya, Çin, Almaniya, İsrail, Norveç və digər ölkələri təmsil edən yalnız 64 görkəmli alim, o cümlədən yeddi Nobel mükafatçısı REA-nın həqiqi üzvü seçilib.

Bookmark and Share