Home az ru en

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu kimi fəaliyyət göstərəcək

21/05/2021

XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” bundan sonra fəaliyyətini Ədəbiyyata Dəstək Fondu kimi davam etdirəcək.
Xatırladaq ki, Mir Cəlalın məşhur əsərləri, o cümlədən “Bir gəncin manifesti”, “Dirilən adam”, “Füzuli sənətkarlığı”, həmçinin bir çox populyar satirik hekayələri bu evdə qələmə alınmışdır. Həmin evdə anadan olmuş yazıçının oğlu akademik Arif Paşayev 2017-ci ildə evi bərpa edərək mədəniyyət ocağı kimi istifadəyə verib.
Bu barədə AZƏRTAC-a “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva deyib.
Fondun Himayəçilik Şurasının üzvləri Bakı Dövlət Universitetinin kafedra müdiri Ədibə Paşayeva, həmin universitetin professoru Təhsin Mütəllimov və “ADA” Universitetinin rektoru Hafiz Paşayevdir. Şuranın qərarı ilə fondun icraçı direktoru vəzifəsinə “ADA” Universitetinin müəllimi Şəfəq Mehrəliyeva təyin olunub.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini, ədəbi irsini tədqiq və təbliğ edəcək tədbirlər həyata keçirəcək. Fond gənc nəsli diqqətdə saxlayaraq “oxu” mədəniyyətini gücləndirmək, xalqa və Vətənə sevginin aşılanmasında ədəbiyyatımızın rolunu vurğulamaq niyyətindədir. Bu barədə professor Təhsin Mütəllimov bildirib: “Zamanında xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsinin gənc yazıçılara nümunə olacağına ümid edirik. Onun qələminin əsas müraciət ünvanı - insanlıq fəlsəfəsinin təlqini bu gün də olduqca aktualdır. Gənclərimizin bu və digər mövzulara müraciət edərək ustadımızın ənənələrini yaradıcı şəkildə davam etdirəcəklərini gözləyirik”.

https://azertag.az/Adibin_Evi_Adebiyyata_Destek_Fondu_kimi_fealiyyet_gosterecek

Bookmark and Share