Elmi kitabxananın direktoru Milli Kitabxanada təqdimat mərasimində iştirak etmişdir
04/04/2019Aprel ayının 4-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanası ilə birgə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş elmi konfrans və prof. Asif Rüstəmlinin“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabının təqdimat mərasimi keçirildi.
İlk öncə qonaqlar Milli Kitabxananın fondunda mühafizə olunan böyük dramaturqun əsərləri, tərcümələri, haqqında yazılmış 300-ə yaxın kitab və dövri mətbuat materiallarından ibarət “Cəfər Cabbarlı – 120” adlı geniş kitab sərgisi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən təşkil olunmuş Cəfər Cabbarlının həyat və yaradıcığını əks etdirən 30-a yaxın foto-sərgi və Cəfər Cabbarlının ev-muzeyinin təşkil etdiyi ekspozisiya ilə tanış oldular.
Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq çıxışında Azərbaycan ədəbiyyatı tarixində öz dəsti xətti olan görkəmli ədib, istiqlal mücahidi Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş elmi konfransın xüsusi əhəmiyyətindən danışdı. Professor çıxışında Cəfər Cabbarlı yaradıcılığının uzun illər real faktlarla işıqlandırılmadığını, lakin müstəqillik qazandıqdan sonra digər Azərbaycan klassikləri kimi dramaturqun irsi yenidən tədqiq edilməyə başlandığını söylədi. Prof. Kərim Tahirov Azərbaycan Respublikası Prezidentinin ədəbiyyat, mədəniyyət sahəsindəki imzaladığı sərəncamlarına əsasən bu gün Azərbaycan klassiklərinin əsərləri yenidən tədqiq olunaraq gələcək nəsillərə çatdırıldığını söylədi.
Sonda kitabın müəllifi filologiya elmləri doktoru prof. Asif Rüstəmli çıxış edərək apardığı uzunmüddətli araşdırmaların və gərgin əməyinin nəticələrinə verilən qiymətə görə, eləcə də kitabın ərsəyə gəlməsində iştirak edən hər kəsə dərin minnətdarlığını bildirdi.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, Cəfər Cabbarlının ev muzeyinin direktoru Qəmər Bağırova Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında çıxış etdilər və kitabın geniş ictimaiyyət üçün dəyərli mənbə olacağını söylədilər.


