Home az ru en

Komandiri ona "mənim kompüterim" deyirmiş

05/01/2021

Geridə qoyduğumuz Vətən müharibəsi Azərbaycanın Zəfər salnaməsi oldu. Əlbəttə, tarixə qızıl hərflərlə düşən və gələcəkdə haqqında çox danışılacaq bu günlərin ən böyük qəhrəmanları döyüşçülərimizdirlər. Biz televizor, kompüter arxasında cəbhədən yeni bir xəbər gözləyərkən onlar addımbaddım irəliləyirdilər. Allah bilir, hansı çətinliklərlə, məhdudiyyətlərlə...Şübhəsiz, ən böyük çətinlik isə itkilər idi. Rəsmi məlumatlara görə Zəngilanda, Cəbrayılda, Füzulidə, Şuşada...və ayrı-ayrı digər yerlərdə 2823 hərbi qulluqçumuz şəhid olub. Amma vətən torpağında... Allah bilir, hansı şəraitdə şəhadətə qovuşub, sonuncu kimi düşünüb, kiminlə danışıblar. Bir də nə fərqi var ki? Onsuz da bütün şəhidlərin məkanı, gedəcəkləri son məkan eynidir- behişt. Hər birinin ruhu şad olsun!
Qəhrəmanlarımızı ictimaiyyətə tanıtmaqda davam edirik. Bu dəfə növbəti şəhid Cavid Manafovun dayısı qızı Nigar İbrahimova ilə söhbətləşdik. O, hərbi qulluqçumuz barədə bunları söylədi:
“Cavid 1999-cu ildə Bakıdan anadan olub. 2005-ci ildə Heydər Əliyev adına liseyin birinci sinifinə qəbul olunub. 2016-cı ildə həmin məktəbi bitirib və yüksək balla Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində tələbəlik həyatına başlayıb. Məzun olduqdan sonra hərbi xidmətə yollanıb. Müharibə başlayan gündən Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Həmçinin Cəbrayıl və Zəngilandakı hərbi əməliyyatlarda da iştirak edib. Cavid Qrad koordinaotoru idi. Komandirləri ondan çox razı idilər”.
N. İbrahimovanın sözlərinə görə, o, özü şəhid olsa da, bir neçə döyüş yoldaşının həyatını xilas edib:
“Cavidlə sonuncu telefon danışığımız oktyabrın 30-da olub. Anasına demişdi ki, hər şey yaxşı olacaq, nigaran qalma. Dörd gün heç bir xəbər ala bilmədik. Noyabrın 3-də Müdafiə Nazirliyinin qaynar xətti ilə əlaqə saxladıq. Eyni adlı yaralının hazırda neyrocərrahiyyə klinikasında müalicə aldığını bildirdilər. Ayın yeddisinədək əcəllə mübarizə aparsa da, bu dəfə məğlub oldu.
Həkimlər onu həyatda saxlaya bilmədilər.  Sonradan öyrəndik ki, sən demə, oktyabrın 31-də Zəngilan-Qubadlı istiqamətində əməliyyatlar davam edərkən düşmən Qrad-21 maşınını vurub.
Cavid komandirini və əsgər dostlarını xilas edərkən dalğanın təzyiqi onun özünü çox güclü zərbə ilə kənara atıb. Nəticədə ağır kəllə-beyin travması alıb.
Füzulidə ilkin tibbi yardım göstərilib. Sonra isə Bakıya- neyrocərrahiyyə klinikasına gətirilib və əməliyyat olunub. Nə deyək, vətən sağ olsun. Prezident, Ali Baş Komandan İlham Əliyev sağ olsun ki, digər şəhidlərimiz kimi onu da unutmadı. Müvafiq Sərəncamla Cavid ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olundu.
Bibim oğlunun həyatını xilas etdiyi komandir də əsgəri haqqında yüksək fikirdədir. O, bizimlə telefon danışığında Caviddən həmişə razı qaldığını və şəhidimizi “mənim kompüterim” adlandırdığını deyib”.

https://sherg.az/

Bookmark and Share