Home az ru en

Mir Cəlal Paşayev - 113

26/04/2021

Bu gün görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin anadan olmasının 113-cü ildönümdür.

Mir Cəlal, əlli illik yaradıcılıq fəaliyyəti dövründə görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli yerini tutub. XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. 1930-cu ildən etibarən “Şərq qadını”, “Gənc işçi”, ”İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərdə ədib “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları çap olunub.

Görkəmli pedaqoq və elm xadimi Mir Cəlal klassik və müasir ədəbiyyata dair elmi əsərləri, kitabları ilə ədəbi nəslin yetişməsində, öz pedoqoji fəaliyyəti ilə yüksəkixtisaslı kadrların formalaşmasında böyük rol oynayıb. Onun rəhbərliyi ilə 36 nəfər elmlər namizədi və elmlər doktoru yetişib. Gərgin zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” və s. kimi fundamental əsərləri ədəbiyyatşünaslıq elminin inkişafına əvəzsiz töhfə verib. Onun Filologiya fakültəsinin tələbələri üçün hazırladığı "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi həm də ədəbiyyatşünasların masaüstü kitabıdır. Mir Cəlal Paşayev 1936-cı ildən ömrünün sonunadək Bakı Dövlət Universitetində (BDU) bu fəndən mühazirələr oxuyub.

Mir Cəlal Paşayevin tələbəsi olmuş, tanınmış alim və pedaqoq, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Təhsin Mütəllibovun öz müəllimi haqqında xatirələrini dinlədik.

 

BDU-nun professoru Təhsin Mütəllimov: “Mir Cəlal müəllim bütün həyatı boyu Bakı Dövlət Universitetinin aliliyini, qüdsiyyətini, hörmətini qorumağa çalışıb”

 

–Təhsin müəllim, birmənalı şəkildə deyə bilərik ki, görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elmininədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir. Ölkəmizin görkəmli ədəbiyyatşünas alimi kimi Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatında, elmində və pedaqogikada xidmətləri haqqında danışmağı xahiş edirik.

Mir Cəlal müəllim çox zəngin və mənalı ömür yaşayıb. Yazıçı kimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Alim kimi Azərbaycan elminin yaradıcılarındandır. Müəllim kimi də onun xidmətləri misilsizdir. Mir Cəlal müəllim mənim ustadım olub, diplom işimin, namizədlik və doktorluq dissertasiyalarıma, mənim bütün elmi fəaliyyətimə rəhbərlik edib. Uzun illər onun tələbəsi olan bir şəxs kimi Mir Cəlal Paşayevin böyük müəllim, böyük ustad olduğunu deyə bilərəm. Yazıçılıqda da, alimlikdə də, pedoqoji fəaliyyətdə də həqiqi mənada böyük bir ustad idi. Həqiqi müəllim olmaq üçün gərək şəxsiyyət olasan. Mir Cəlal müəllim böyük şəxsiyyət idi. Çox sadə, çox mehriban, səmimi insan idi. Bununla belə möhkəm və bütöv xarakterə malik, öz iradəsi ilə oturub-duran, çox məğrur bir şəxsiyyət idi.

– Mir Cəlal müəllimin ədəbiyyatşünas alimlərin yetişdirilməsində xüsusi xidmətləri var: 36 nəfər elmlər namizədi və elmlər doktoru yetişdirib. Onlardan biri də sizsiniz. Elmi rəhbər kimi Mir Cəlal müəllimi necə xatırlayırsınız?

Mir Cəlal müəllim həqiqi şəxsiyyət, xeyirxahlıq mücəssəməsi idi. Davranışı ilə, əməlləri ilə tələbələrinə də mənəvi ucalığı təlqin edərdi.  Bizim universitetimizin ədəbiyyat kafedrasında 45 il dərs deyib. 17 il kafedra müdiri olub. Mir Cəlal müəllim kafedranın yenidən təşkilində çox böyük zəhmət çəkib. Mir Cəlal müəllimin xidmətləri, əlbəttə, bu gün də unudulmur. Universitetimizin 90 illiyində biz fikirləşdik ki, kafedramıza Mir Cəlal müəllimin adını verək. O vaxta qədər respublikada heç kəsin adı kafedraya verilməmişdi və bizə bunu irad kimi  bildirənlər də oldu. Biz isə belə bir ənənənin məhz Mir Cəlal Paşayevin adı ilə başlamasının çox gözəl addım olduğunu düşündük və Mir Cəlal müəllimin adını kafedramıza verdik. Beləliklə də, kafedramızda eyni zamanda bir Mir Cəlal ocağı yaratdıq. Bu gün kafedramızın qarşısında Mir Cəlal müəllimin barelyefi durur. Böyük müəllimimizin ölümündən uzun illər keçsə də, hələ də universitetdə kafedramızı Mir Cəlal müəllimin kafedrası adlandırırlar. Kafedramızda Mir Cəlal müəllimin dərslikləri, proqramları əsas yer tutur. Onun yetirmələri kafedramızda çalışır.  Mən bu yaxınlarda Mir Cəlal müəllimin jurnalistlərə verdiyi bir müsahibəsinə rast gəldim və bir sual-cavab mənim marağımı çəkdi. Mir Cəlal müəllimə sual verirlər ki, “Universitet sizin üçün nədir ?”. O da belə bir maraqlı cavab verir: “Universitet çox abırlı, müqəddəs yerdir”. Universitet bizim iş yerimiz, uşaqlarımız və nəvələrimizin isə tədris yeridir. Hər birimizin borcu onun müqəddəsliyini qorumaqdır. Mir Cəlal müəllim bütün həyatı boyu bu universitetin aliliyini, qüdsiyyətini, hörmətini qorumağa çalışıb.

Ümumiyyətlə, Mir Cəlal müəllim tələbə taleyinə çox həssas, qayğıkeş idi. Bir dəfə universitetdən çıxırdıq, birdən Mir Cəlal müəllim ayaq saxladı: “Təhsin, bu universitetdə ən böyük adam kimdir?” Sual gözlənilməz olduğundan duruxdum. Mir Cəlal müəllim sualı bir də təkrarladı. Cavab verdim ki, universitetdə ən böyük adam kim olacaq, əlbəttə, rektor!Mir Cəlal müəllim güldü: “Yox, qardaş! Universitetdə ən böyük adam tələbədir! Müəllim də, kafedra müdiri də, dekan da, prorektor da, rektor da – bunların hamısı tələbə üçündür! Tələbə olmasa, bunlar kimə lazımdır?”Və əlavə etdi: “Bütün bunları ona görə deyirəm ki, tələbəyə qayğı ilə yanaşın, ona qarşı diqqətli olun”.

– Təhsin müəllim, müəlliminizlə bağlı yəqin ki, xatirələriniz çoxdur...

Dediyim kimi, mənim diplom işimə, namizədlik və doktorluq dissertasiyalarıma rəhbərlik etmiş və həyatının sonuna kimi elmi-pedaqoji fəaliyyətimə əsl ustadlıq qayğısı göstərmiş Mir Cəlal müəllimin fəaliyyəti isə mənim üçün ən uca müəllimlik örnəyidir!

İmtahanlarda da çox kövrək və humanist idi. İmtahanlarını adətən bir saat gec – saat 10-da başlayardı. Assistenti də çox vaxt mən olardım. Bir gün, adətim üzrə, saat 10-a yaxın imtahana gəldim, gördüm ki, Mir Cəlal müəllim imtahanı başlayıb. Adətən “əla” və “yaxşı” qiymətlər yazan Mir Cəlal müəllim bu gün “kafi”, hətta “qeyri-kafi” də yazmışdı. O vaxtlar tələbə bircə imtahandan “kafi”, yaxud “qeyri-kafi” alsa idi, bir semestr təqaüddən məhrum olurdu.

Təəccüblə səbəbini soruşanda Mir Cəlal müəllim dedi: “Özün bilirsən ki, mən əsasən təqaüdə bais olmamaq üçün güzəştli qiymət verirdim. Amma iki gün əvvəl kafedraya gələndə gördüm tələbələrdən biri o birinə deyir ki, ay avam, Mir Cəlal müəllimi çox oxuma, o, yaxşı müəllimdir, onsuz da hamıya yüksək qiymət yazacaq. Sonrakı imtahana hazırlaşmaq lazımdır, ondakı xatakar müəllimdir... Qardaş, görünür, mənim xeyirxahlığımı düz başa düşmürlər. İndi mən də möhkəm soruşuram ki, heç olmasa, gələnilki tələbələr arxayın düşməsinlər, mənim də imtahanıma yaxşı hazırlaşsınlar”.

İmtahanın sonunda qiymətlərə göz gəzdirib dedi: “Deyəsən, bu binəvalar əsəbi vaxtıma düşdü, aşağı qiymət aldılar. Kəsilənlərə tapşır ki, imtahan sessiyası ərzində dekanlıqdan göndəriş alıb gəlsinlər, bəlkə biz də onlara bir az yüksək qiymət yazaq, təqaüd alsınlar”.Elə də oldu;  tez bir zamanda təkrar imtahanlarda həmin tələbələr təqaüd “vüsalına” yetə bildilər.

– İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, humanistliyi heyranlıqla xatırlanır və əsl örnək kimi sevilə-sevilə qəlblərdə özünə ucalıq, əlçatmazlıq heykəli qurur.

Mir Cəlal müəllim yetirmələrinə nə qədər tələbkar idisə, bir o qədər də qayğıkeş idi, yaxın məsləhətçi və yardımçı idi. Təbii, bizim də əsas güvənc yerimiz, pənahımız Mir Cəlal müəllim idi... Cavan müəllimlərin geyiminə xüsusi diqqət yetirərdi. Mənə heç vəchlə qalstuk bağlatdıra bilmirdi. “Qardaş, müəllimin müəllim siması, görkəmi olar. Geyim özü intizamdır, mədəniyyətdir. Tələbə geyinməyi də müəllimdən öyrənməlidir,”  – deyirdi.

Növbəti dəfə belə danlananda dedim: “Mir Cəlal müəllim, mən bu qalstuka heç cür alışa bilmirəm. Qalstuk bağlayanda Cəfər Cabbarlının “Sevil” pyesindəki Balaşın atası kimi mənim də boynum dönmür axı...” Mir Cəlal müəllim güldü: “Bəs bizim boynumuz nə təhər dönür?”

Gördüm, yox, heç bir bəhanə ilə yaxamı qurtara bilməyəcəyəm. Çox fikirləşəndən sonra o vaxtlar Bakının əsas “ticarət mərkəzi” olan “Kubinka”ya getdim, yaxşı bir uzunboğaz “sviter” aldım. İki-üç gün sonra onu geyib dərsə gəlmişdim, Mir Cəlal müəllim, adətən, təzə geyimimizi görəndə sanki fərəhlənərdi, bir neçə gün mübarəkbadlıq edərdi. Bu dəfə də təxminən belə bir dialoqumuz oldu:

– “Təhsin, nə qəşəng köynək almısan, mübarəkdir.

– Çox sağ olun, Mir Cəlal müəllim. Bunun bir yaxşı cəhəti də odur ki, daha qalstukdan canım qurtardı.

– Niyə ki?

– Axı bu, uzunboğazdır. Daha bununla qalstuk bağlamaq olmaz ki...

Mir Cəlal müəllim bir anlığa duruxdu və dərhal da gülərək söhbəti yekunlaşdırdı:

– Qardaş, deyirsən yəni bu havaların bir qızan vaxtı olmayacaq? Necə ki havalar soyuqdur, bunu geyin. Amma bir azdan havalar qızanda sən də bizim kimi qalstuka keçəcəksən... Müəllimin müəllim görkəmi olar”.

Beləliklə, mən də qalstuk bağlamalı oldum.

Bu kiçik bir detaldır. Bu onu göstərir ki, Mir Cəlal müəllim öz tələbələrinə necə böyük qayğı və tələbkarlıqla yanaşırdı.

– Mir Cəlal Paşayev həm də xeyirxah bir şəxsiyyət kimi tarixdə qaldı.

– Bildiyimə görə, Mir Cəlal müəllim özünün ən sanballı əsərlərini İçərişəhərdəki kiçik mənzilində yazmışdı. İndi “Ədibin evi” adlanan həmin mənzil maraqlı muzey kompleksinin əziz, dəyərli tərkib hissəsidir. Əslində, bu mənzil tarixi yadigardır. Bura Mir Cəlal müəllimin Bakıdakı ilk mənzilidir. Belə ki, Mir Cəlal müəllimin ailə səadəti də, yazıçılıq, alimlik və müəllimlik fəaliyyəti də bu mənzil ilə çox bağlıdır. Bu ev özü də çox bərəkətli, “düşərli” olub. Mir Cəlal müəllim bu evə gələnədək hekayə və oçerkləri ilə bir yazıçı kimi tanınmışdı. Alim və müəllim kimi də nüfuz sahibi idi. Lakin hər üç sahədəki əsas uğurları məhz bu evlə bağlıdır. Burada bədii yaradıcılığının zirvə əsərləri olan “Dirilən adam” və “Bir gəncin manifesti” romanlarını, habelə bir silsilə gözəl satirik-yumoristik hekayələrini yaratmışdır. Həmçinin, elmi yaradıcılığının ən kamil nümunələrindən olan və sonra elmlər namizədi alimlik dərəcəsi aldığı “Füzulinin poetik xüsusiyyətləri” monoqrafiyasını yazmışdır.

Mir Cəlal müəllim də, onun ömür-gün yoldaşı Püstə xanım da son dərəcədə qonaqpərvər insanlar idi. Onların evinə kim getsəydi, tələbə, aspirant, müəllim fərqi yoxdur, mütləq evin ən ləziz nemətləri süfrədə olmalı idi. İnanıram ki, bu mənzil daima qonaqlı olacaq, qədirbilən xalqımız Mir Cəlal müəllimin bu xatirə ocağını həmişə əziz tutacaq, daima onu ziyarət edəcəkdir.

Aspirantlıq vaxtında da, müəllim olanda da qayğılarımızı, dərdlərimizi Mir Cəlal müəllimlə bölüşərdik. Evlərinə tez-tez gedərdik. Bu ailədə hər birimizi böyük mehribanlıqla qarşılayardılar. Məqalələrimiz, dissertasiyalarımız barədə Mir Cəlal müəllimlə məsləhətləşərdik, ədəbiyyat aləmindən müxtəlif söhbətlərimiz olardı. Bilirdi ki, mənzil məsələsi ən nigaran problemimizdir. Təskinlik verərdi, yol göstərərdi. Bir gün o zamankı Bakı Sovetinin qarşısından keçirdik. Mir Cəlal müəllim ayaq saxladı, mənə müraciətlə: “Sən bir bura girmisən?” Dedim: “Nəyə görə?” Mir Cəlal müəllim təəccübləndi: “Necə nəyə görə? Evi elə burda verirlər də. Sən də bir gir içəri, aç sədrin qapısını, denən ki, qardaş, mən bu qonşuluqdakı universitetdə müəlliməm, özümün də evim yoxdur. Gör sənə üçcə günə abırlı bir mənzil verirlər, ya yox”. Dedim: “Mir Cəlal müəllim, məni sədrin yanına buraxan kimdir? Camaat günlərlə sübhdən bu qapını kəsir. Onların da yalnız bir qismi içəri düşə bilir, çoxu əliboş qayıdır. Məndə o səbir haradan idi ki, bu növbələrdə vaxt itirim? Universitetdə ev növbəsindəyəm, elə oradan nə vaxt versələr, alaram”. Mir Cəlal müəllim əsəbiləşdi: “Səndə ki bu utancaqlıq var, elə evsiz qalacaqsan, gözlə universitetdəki növbəni”.

Mir Cəlal müəllim ziyalıya, universitet müəlliminə öz ucalığından baxırdı. Ona elə gəlirdi ki, mənzil məsələsinə baxanlar da onun kimi düşünərlər.

Mir Cəlal müəllimin bütün yaradıcılığına istiqamət verən onun müəllimliyi idi. Hər şeydən əvvəl Mir Cəlal müəllim böyük pedoqoq idi. Ən əsası, Mir Cəlal müəllim bütün işlərə xeyirxahlıqla, ürəklə yanaşırdı. Özü tələbələrini həvəsləndirirdi. Ali məktəbi bitirdikdən sonra aspiranturada, tədqiqat işlərimdə elmi rəhbərim oldu. Mir Cəlal müəllim kadr yetişdirməkdə həvəsli idi. Ona görə də kömək edirdi. Həm nəzəri cəhətdən, həm elmi işlərin çap olunmasına, həm işə düzəlməsinə dəstək olurdu. Bu səbəbdən Mir Cəlal müəllim kafedramızın gənc müəllimlərinin inkişafına xüsusi diqqət və qayğı göstərirdi. Mir Cəlal müəllim qayğıkeşliyi, əsl müəllim yanaşması ilə tələbələrini yetişdirirdi. Özü də tələbəni aşağı kurslardan seçirdi, elə 1-ci kursdan. 1-ci kursda oxuyan tələbə ilə maraqlanardı, daha yaxşı oxuması üçün həvəsləndirərdi. Məzun olanda aspiranturaya götürərdi. İstedadlı tələbələri fərqləndirirdi və o tələbələrə sonralar da dəstək olurdu. Müdafiə etdikdən sonra müəllim kimi işə düzəldirdi. Sonra doktorluq dissertasiyası yazmağa həvəsləndirirdi. Daima öz övladları kimi yanaşırdı. Mir Cəlal müəllimin özü ədəbi məktəblər haqqında yazdı, həm də özü ədəbi məktəb yaratdı. Bugün bizim kafedra elə Mir Cəlal müəllimin məktəbidir.

Təzə müəllim idim. Mir Cəlal müəllimin imtahanında tənəffüs elədik. Mir Cəlal müəllim dedi gedək, çörək yeyək. Gəldik müəllimlər yeməkxanasına, seçdik, yemək aldıq, mən də öz aləmimdə müəllimə hörmət etmək istədim. Əlimi cibimə atdm. Bu zaman Mir Cəlal müəllim mənə baxdı, gülümsündü, çox sakit, təmkinli halda dedi: “Təhsin, yadında saxla! Bir də mən olan yerdə əlini cibinə atmayasan”. Mən özümü yığışdırdım, bir daha təkrar etmədim. Hər yerdə müəllimlik nümunəsi idi. Həyatda da, əməldə də, yazmaqda da şəxsiyyət kimi tələbələrinə nümunə idi. Böyük xeyirxah insan idi.

– Mir Cəlal müəllimin əsərləri bu gün də sevilir. Bəs Mir Cəlal müəllimin özünün ən çox sevdiyi, bəyəndiyi yazıçılar kimlər idi?

– Mir Cəlal müəllimin ən çox sevdiyi ədiblər Füzuli ilə Cəlil Məmmədquluzadə idi. Mir Cəlal müəllim namizədlik dissertasiyasını Füzulinin poetikası haqqında yazmışdı. Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” tədqiatına görə filologiya elmləri doktoru alimlik dərəcələrini almışdı. Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirib. Çox monumental əsərdi. Xeyli müddət sonra “Azərbaycanda ədəbi məktəblər” əsərini mənə təqdim etdilər, mən o əsəri çapa hazırladım. Çox monumental monoqrafiyadır.  XX əsrin ədəbiyyatı orda elmi şəkildə nəzərdən keçirilmişdir.

Mir Cəlal müəllim özü xatirələrində yazırdı: “Əvvəl dissertasiyanın mövzusu Azərbaycanın qadın şairləri haqqında idi. Bir gün Cavid Əfəndi Füzulidən yazmağımı tövsiyə etdi. “Sən Füzulidən yaz ki, Füzuli yaşadıqca sənin də adın yaşayacaq”. Əsəri qoydum kənara, Füzulidən yazmağa başladım”.

Mir Cəlal müəllim Füzulinin poetikası haqqında son dərəcə orijinal bir əsər yazmışdı. Mir Cəlal müəllim poetikanı kamil bilən bir ustad idi. Özü də dəfələrlə yazırdı ki, heç zaman əsərin məzmununu danışmayın, poetikasını açın, sənətkarlığından bəhs edin. Həm ərəb-fars dillərini yaxşı bilirdi, həm də mükəmməl poetika mütəxəssisi idi. Ədəbiyyat nəzəriyyəsini gözəl bilirdi. Mir Cəlal müəllimin bu iki monumental əsəri Azərbaycan ədəbiyyətşünaslığının ən böyük nailiyyətlərindəndir.

– Təhsin müəllim, sizcə yazıçıların, müəllimlərin ölməzliyi nədədir?

– Klassiklərin böyüklüyü onların əsərlərinin, əməllərinin ölməzliyində, bəşəriliyindədir. Mir Cəlal müəllimin pedoqoji ənənələri elmi və bədii əsərlərindəki milli və bəşəri ideyalar bugün bizimlədir. Şübhəsiz ki, qalib Azərbaycanımızın bugünkü nailiyyətlərində, elminin inkişafında və universitetimizin böyük uğurlarında ustadımız Mir Cəlal müəllim də zəngin elmi pedoqoji ənənələrinin, ölməz əsərlərinin payı vardır.

 

Müsahibəni hazırladı:

Nərminə Əsədova

Gülabə Məmmədzadə

Bookmark and Share