Home az ru en

Ramazan bayramınız mübarək!

12/05/2021

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı mənəviyyatı möhkəmləndirən, dini-mənəvi birlik duyğusunu gücləndirən, hər bir şəxsin daxili kamilliyinin formalaşmasına xidmət edən aylardan biridir.

Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Ramazan bayramı insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır. Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Savab, ülfət ayı olan Ramazan əsrlər boyunca bəşər övladına dözüm, mərhəmət, Allahın yaratdıqları arasında münasibətlərdə xeyirxahlıq təlqin edir,  mili-mənəvi birlik, humanizm, səbr, dözüm, yardımsevərlik aşılayır.

Bu il eyni zamanda xalqımız Ramazan bayramını tamam başqa əhval-ruhiyyədə qeyd edir. Əzəli torpaqlarımızın düşmən tapdağından azad olunması üçün etdiyimiz dualar qəbul olundu. Haqq qalib gəldi, ədalət zəfər çaldı. Bu gün doğma torpaqlarımızda, Şuşada məscidlərdə azan oxunur. Bu il biz müqəddəs Ramazan bayramını qalib ölkənin xalqı kimi qeyd edirik.

Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə sizi - Bakı Dövlət Universitetinin kollektivini, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı təbrik edir, Allahdan oruc və namazlarınızın, dualarınızın qəbul olunmasını diləyirik.

Ramazan bayramınız mübarək!

Bookmark and Share