Home az ru en

Şərəf və hüzn günü

20/01/2023

1990-cı ilin 20 Yanvar hadisələrindən 33 il keçir. Qəhrəmanlıq və hüzn dolu bu tarix istiqlal salnaməsini qələmlə yox, qanla yaza bilən bir xalqı tanıtdı. O xalqı ki, məhz onun mübarizəsi şər imperiyasının sonunun başlanğıcını gətirdi. O xalqı ki, azadlığın, istiqlalın şirin dadını artıq duymuşdu və heç bir qüvvə onun qarşısını ala bilməzdi. O xalqı ki, köləliyə üsyanı və nifrəti əliyalın da olsa tankların qarşısına çıxmağa bəs edirdi. Və o xalqı ki, BİRLİK nədir anlamışdı....Biz o ilahi, sarsılmaz  BİRLİYİ bir də 44 günlük Vətən müharibəsində - DƏMİR YUMRUĞA çevrilib erməni faşizmini məhv edəndə gördük. Bu, həm də 20 Yanvarın öyrətdiyi dərs idi...
Məhz 20 Yanvar Azərbaycan xalqının pozulan hüquqlarının, suverenliyinin bərpası uğrunda savaşmaq əzminə sahib olduğunu ortaya qoydu.  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
20 Yanvar təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə getdi və SSRİ rəhbərliyini törətdiyi bu cinayətə görə qətiyyətlə ittiham etdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 1990-cı il noyabrın 21-də bu hadisəyə ilk dəfə siyasi-hüquqi qiymət verdi. Ulu öndərin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı.
Bu gün Ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdi. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Xalqımız Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarının xatirəsini qəlbində əbədi yaşadacaq! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bookmark and Share