Home az ru en

Ötən il BDU Elmi Kitabxanasından 655 mindən çox oxucu istifadə edib

06/01/2023

Ali məktəb kitabxanaları arasında zəngin fonda və kataloq-kartoteka sisteminə malik olan Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası yalnız universitet kollektivinə deyil, respublikada elmi-tədqiqat işi ilə məşğul olan əksər tədqiqatçılara xidmət göstərir.

2022-ci ildə Elmi Kitabxananın fonduna müxtəlif mənbələrdən 12 min nüsxədən çox sənəd (qəzetlər istisna olmaqla) daxil olub. Daxil olan ədəbiyyatın 9000-ə yaxın nüsxəsi çap şəklində olan kitablardan, dissertasiya, avtoreferat, proqram və jurnallardan ibarət olub. Elmi Kitabxananın daimi qeydiyyatda olan oxucularının sayı 10610 nəfərdir ki, onlardan 2530-u akademik heyət, 8080 nəfəri isə təhsilalandır. 2022-ci ildə kitabxanadan 655125 oxucu istifadə edib, onlara ədəbiyyat verilişi isə 954624 nüsxə olub. Elektron resurslardan istifadə edən oxucuların sayı 10000 nəfərdən çoxdur.

2022-ci ildə Elmi Kitabxananın oxucuları daha çox “Academic Search Premier”, “MasterFILE”, “GreenFILE”, “Library”, “İnformation Science & Technology Abstracts”, “Business Source Premier”, “eBooks” məlumat bazalarının elektron resurslarından istifadə edib. Həmçinin Elmi Kitabxana “Brill” (333 jurnal), “Cambridge University” (387 jurnal), “Taylor and Francis” (127 jurnal), “Walter Kluwer Health” (2 jurnal) və s. nəşriyyatların 850-yə yaxın jurnalında 50-60 % endirimli qiymətlərlə məqalə nəşri üçün Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində müqavilələr bağlayıb.

Elmi Kitabxana BDU-nun professor-müəllim heyəti, gənc tədqiqatçıları və oxucularına 200000-dən çox elektron kitabı əhatə edən EBSCO eBook Akademik Kolleksiyasından üç aylıq, IEEE Xplore Rəqəmsal Kitabxanasının resurslarından bir aylıq ödənişsiz istifadə imkanını təqdim edib.

Beynəlxalq nəşriyyatların resurslarından istifadə qaydalarına, o cümlədən “Sage” nəşriyyatında məqalə nəşrinə dair 6 aylıq silsilə onlayn təlim-seminar keçirilib.

Elmi Kitabxana Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dillər Universiteti, Bakı Biznes Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyasının professor-müəllim heyəti, magistr və tədqiqatçıları üçün "Akademik bazalardan istifadə və nəşr imkanları" adlı təlim-seminar keçirib.

Bookmark and Share