Home az ru en

“Şuşanın 270 anı” filmi BDU-da nümayiş olunub

28/12/2022

Bakı Dövlət Universitetində (BDU) “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin (İB) “Şuşanı tanıyaq, tanıdaq” layihəsi çərçivəsində çəkilən “Şuşanın 270 anı” bədii-sənədli filmi nümayiş olunub.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov 2022-ci ilin ölkə başçısının Sərəncamı ilə “Şuşa İli” elan olunduğunu vurğulayıb və BDU-da bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edib.

Daha sonra çıxış edən İB-nin sədri, tanınmış teleaparıcı Lalə Azərtaş Vətən müharibəsində qəhrəman oğulların qanı, canı bahasına qazanılan Qələbənin hər bir anını təbliğ etməyin önəmini vurğulayıb. Ölkəmizin ərazi bütövlüyü naminə canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin daim ürəklərdə yaşayacağını qeyd edib. Lalə Azərtaş Şuşanın 270 illiyinə həsr olunan filmin nümayişinə dəstək verdiyi üçün Universitetin rəhbərliyi və kollektivinə təşəkkürünü bildirib.

Qeyd edək ki, film Natəvan adlı şuşalı qızın Şuşa ilə bağlı duyğularını əks etdirir. Filmdə Natəvanın uşaqlıq illərini Vətən müharibəsi şəhidi Anar Heydərovun qızı Kübra canlandırıb. Əslən şuşalı olan Natəvan fotoqrafdır və Fransada yaşayır. 1992-ci ildə Şuşanın işğalı ilə taleyi dəyişən 5 yaşlı Natəvan öz Vətənində xeyli müddət məcburi köçkün olub, ailəsi şəhidlər verib. Filmdəki hadisələr Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərdən sonrakı dövrdə cərəyan edir. Natəvan ata-baba yurdunu ziyarətə gəlib. Qəhrəmanın niyyəti tarixə toxunmaq, gerçək Qarabağ mənzərələrini və Azərbaycan həqiqətlərini “Şuşanın 270 anı” adlı fotosərgi vasitəsilə dünyaya çatdırmaqdır. Filmdə real tarixi hadisə - görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanla məşhur fransız yazıçısı Aleksandr Düma arasında baş tutan və xan qızının qələbəsi ilə başa çatan şahmat oyunu da canlandırılıb.

Bookmark and Share