Home az ru en

Yeni tədris iliniz mübarək!

14/09/2020

Azərbaycan ali məktəblərinin flaqmanı, şərəfli keçmişə, zəngin təcrübəyə malik Bakı Dövlət Universiteti (BDU) mövcud təcrübə və ənənələri daha da möhkəmləndirmək, ölkənin peşəkar kadr və elmi potensialını zənginləşdirmək məramı ilə yeni dərs ilinə qədəm qoyur. Təəssüflər olsun ki, COVID-19 pandemiyası səbəbindən bu il həmişəkindən fərqli olaraq, professor-müəllim heyətini və tələbələrimizi Universitet auditoriyalarında deyil, monitor qarşısından salamlayırıq.

Biz yeni tədris ilində tələbələrimizin qarşısına bir sıra yeniliklərlə gəlmişik. Bakı Dövlət Universitetində tədrisin təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması, dövrün tələblərinə uyğun kadrların hazırlanması istiqamətində aparılan fəaliyyətin tərkib hissəsi olaraq, 2020/2021-ci tədris ili üçün bakalavr və magistratura səviyyələri üzrə yeni ixtisas və ixtisaslaşmalar açılıb. Yeni ixtisasların yaradılması həm də əmək bazarında bu ixtisaslara olan tələbatın ödənilməsi zərurətindən yaranıb.

Bundan əlavə Universitetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb, müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz olunmuş yeni Tələbə Evi tam hazır vəziyyətə gətirilib.

Universitetin beynəlxalq layihələrdə iştirakı, beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, ikili diplom proqramlarının miqyasının genişləndirilməsi yönündə bir sıra xarici ali təhsil müəsisələri ilə danışıqlar aparılıb, birgə layihələrin həyata keçirilməsi istiqamətində hazırlıq işlərinə başlanılıb.

Pandemiya səbəbindən tədrisin məsafədən təşkili istiqamətində yarana biləcək çətinliklərin qarşısını almaq məqsədilə bütün fakültələrdə professor-müəllim heyəti üçün “Microsoft Teams” paltformasından istifadəyə dair onlayn formada təlimlər təşkil edilib. Tələbə heyəti üçün platformadan istifadə üzrə təlimatlar hazırlanıb. Onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirilib. Məsafədən təhsilin keyfiyyətli təşkili üçün lazımi şərait yaradılıb.

Bütün bunlar yeni tədris ilində tələbələrimizin peşəkar mütəxəssislər kimi formalaşmasında, elmin sirlərinə yiyələnməsində mühüm rol oynayacaqdır.

Hörmətli müəllimlər, əziz tələbələr yeni tədris ilində sizə uğurlar arzulayırıq!

Bilik Gününüz mübarək!

BDU-ya infotur

Bookmark and Share