Home az ru en

Əziz Əliyevin anadan olmasının 142-ci ildönümüdür

01/01/2021

Bu gün Azərbaycanın görkəmli dövlət və elm xadimi, BDU-nun rektoru olmuş tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 142-ci ildönümüdür.

Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci il yanvarın 1-də İrəvan quberniyasında anadan olmuşdur. İlk təhsilini İrəvandakı rus-tatar məktəbində almışdır. O, İrəvan gimnaziyasını 1917-ci ildə qızıl medalla bitirmişdir. Petroqrad (indiki Sankt-Peterburq) Hərbi-Tibb Akademiyasında təhsil almışdır.

Ə.Əliyev 1918-ci ildə ermənilərin İrəvanda törətdikləri qırğınlardan qurtulmaq üçün ailəsini Naxçıvanın Şahtaxtı kəndinə aparmışdır. 1920-ci ilin iyun ayınadək Şahtaxtı kəndindəki tibb məntəqəsində həkim köməkçisi vəzifəsində işləmişdir. 1920-ci ilin iyulunda ermənilərin Şahtaxtı kəndini işğalından sonra ailəsi ilə birgə İranın Ərəblər (indiki Poldəşt) kəndinə pənah aparmış və oradakı tibb məntəqəsində həkim köməkçisi vəzifəsində işləmişdir. 1921-ci ilin iyun ayında ailəsi ilə birlikdə Şahtaxtı kəndində qayıtmış, və iki il orada həkim köməkçisi işləmişdir. 1923-cü ilın mayında Bakıya köçmüş və 1927-ci ilin sentyabr ayınadək Azərbaycan SSR Xalq Komissarları Sovetində iş icraçısı, ümumi şöbənin müdiri, katib köməkçisi və katib vəzifələrində işləmişdir. İşləməklə yanaşı, Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsində təhsil almış və oranı 1927-ci ildə bitirmişdir.

Professor Əziz Əliyev 1928-1930-cu illərdə Xalq Səhiyyə Komissarlığında müalicə şöbəsinin müdiri və Klinik İnstitutun direktoru işləmişdir. 1929-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1929-cu ilin dekabrında Xalq Səhiyyə Komissarının müavini təyin edilmişdir. 1932-1934-cü illərdə Tibb İnstitutunun rektoru, sonra isə Bakı şəhər səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1935-1936-cı illərdə yenidən Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru işləmişdir. 1937-ci ilin yanvar-iyun aylarında eyni zamanda Bakı Dövlət Universitetinin rektoru vəzifəsində işləmişdir. 1939-сu ildə doktorluq işini müdafiə etmişdir. 1938-1939-cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində, 1941-ci ilin aprelindən 1942-ci ilin sentyabrınadək Azərbaycan KP MK-nın katibi vəzifəsində işləmişdir.

Əziz Əliyev 1941-ci ilin sentyabrından 1942-ci ilin aprel ayınadək SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə polkovnik rütbəsində Sovet kontingentinin İrandakı 47-ci ordusunun Hərbi Şurasının üzvü və siyasi rəhbəri olmuşdur..

16 sentyabr 1942-ci ildə SSRİ Dövlət Müdafiə Komitəsi Əziz Əliyevin Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi və Mahaçqala Müdafiə Komitəsinin sədri vəzifəsinə təyin edilməsi haqqında qərar qəbul etmişdir. 1942-ci ilin sentyabrından 1948-ci ilin dekabrınadək Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmişdir.

1949-1950-ci illərdə ÜİK(b)P MK-nın nəzdində İctimai Elmlər Akademiyasında dinləyici, sonra isə ÜİK(b)P MK-nın inspektoru olmuşdur. 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmışdır.

1951-ci ilin sentyabrında Azərbaycan KP MK-nın Bürosunda valideynlərinin sosial mənşəyini və İranda qohumlarının olmasını gizlətdiyi bəhanəsilə şəxsi işinə yazılmaqla şiddətli töhmət verilmiş, vəzifəsindən azad edilərək Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru vəzifəsində işləməyə göndərilmişdir. 1952-ci ilin oktyabrından 1954-cü ilin 3 mart ayınadək Sabunçu rayonundakı Çaparidze adına 3 №-li Klinik Xəstəxananın baş həkiminin müavini vəzifəsində işləmişdir.

1954-cü ilin martından 1956-cı ilədək yenidən Bərpa Cərrahlığı və Ortopediya İnstitutunun direktoru vəzifəsində işləmişdir. 1956-cı ildən ömrünün sonunadək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru vəzifəsində fəaliyyət göstərmişdir.

Əziz Əliyev dəfələrlə SSRİ, Azərbaycan SSR və Dağıstan MSSR Ali Sovetlərinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.

Görkəmli alim 1962-ci il iyulun 27-də vəfat etmiş, Bakıda I Fəxri xiyabanda dəfn edilmişdir.

Azərbaycan SSR Nazirlər Sovetinin 27 sentyabr 1962-cı il tarixli qərarı ilə Həkimləri Təkmilləşdirmə İnstitutuna Əziz Əliyevin adı verilmişdir. Azərbaycanda və Dağıstanda bir sıra küçələr onun adı ilə adlandırılmışdır.

1998-ci il may ayının 14-də dövlət səviyyəsində Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi keçirilərkən yubiley təntənələrində çıxış edən Prezident Heydər Əliyev Əziz Əliyevin zəngin həyat yolunun və dəyərli yaradıcılığının bizə məlum olmayan məqamlarının incəliklərindən ətraflı söhbət açmışdı.

Ali təhsilin flaqmanı sayılan Bakı Dövlət Universitetinin rektoru və nüfuzlu professoru olan Əziz Əliyevin işıqlı xatirəsi daim ehtiramla anılacaq, əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

 

Bookmark and Share